AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA/RƏY

AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA/RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və onun rəhbəri Səttar Mehbalıyev haqqında mediada çeşidli tənqidi yazılar gedir. Tribunainfo.az media üzərindən monitorinq və müşahidə apararaq xəbər verir ki, bu tənqidlərin böyük əksəriyyəti konfederasiyanın fəaliyyətsizliyi, başının biznesə qarışması və yan şirkətlər vasitəsi ilə mal-mülk toplaması haqdadır. Hələ bir müddət əvvəl Səttar Mehbalıyevin “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə sanatoriyaları ələ keçirməsinə dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, bu ASC birbaşa Səttar Mehbalıyevə məxsusdur, sadəcə, onun işlədilməsini başqalarına verib.


Bundan savayı, Səttar Mehbalıyevin 30 illik fəaliyyəti dövründə AHİK-i bazara çevirməsi, onu şəxsi biznes kimi istifadə etməsi, habelə üzvlərinin hüquqlarını qorumaması və “putyovka” alveri etməsində ittiham edənlər də az olmayıb. Bu günlərdə isə məlum olub ki, sanatoriyalarda özbaşınalıq pik həddədir. Bu barədə Tribunainfo.az bildirir ki, Bilgəhdə yerləşən Kardiologiya Sanatoriyasında “putyovka” ilə dincəlmək üçün göndərilən vətəndaşlar qalmağa yer tapa bilmirlər. Daha doğrusu, yer var, lakin pulludur. Redaksiyamıza şikayət edən həmin şəxslərdən biri qeyd edir ki, sözügedən sanatoriyada mövcud olan və Həmkarlar İttifaqı xətti ilə gələn şəxslər üçün evlər var ki, onlar pulsuz verilməli olduğu halda, pulla satılır. Şikayətçi deyir: “Kordiologiya Sanatoriyasında özbaşınalıqdır. Həmkar İttifaqı xətti ilə burada dincəlmək və müalicə üçün gəlmişik. Amma yer tapa bilmirik. Çünki sanatoriyanın həyətindəki “domik”lər pulla satılır”.
Şikayətçi bildirir ki, onlar aylıq üzvlük haqqı verirlər və bunun bəhrəsini görmək istəyirlər. “Əgər biz hər ay pul ödəyib, sonda sanatoriyada qalmaq üçün pul ödəyəcəyiksə, o zaman niyə üzvlük haqqı veririk?”.

Müəllimlərin 10 milyonu hara gedir?

Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda dəhşətli mənzərə ortaya çıxır: Səttar Mehbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük haqlarının üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından ayrılan vəsaiti şəxsi cibinin pulu kimi xərcləməklə məşğuldur. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 50 milyon manatdan çox üzvlük haqqı daxil olur.
Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu, 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilir. Bir müddət öncə vəfat edən xalq artisti Ramiz Novruz ömrü boyu həmkarlara aylıq haqq ödəmişdi, amma nə sağlığında bunun faydasını görmüşdü, nə də xəstəliyində.

Tanışlıq, ya da 500 manata almaq

Həmkarlar İttifaqı rəhbərliyi “putyovka”nı tanışlara, şəxsi əlaqələri olanlara verir, eləcə də digərlərini biznesə çevirərək satır. Hazırda Bilgəh və başqa sanatoriyalarda AHİK tərəfindən göndərişlər şəxsi və maddi maraqları müqabilində olur. Bu da qurum sədri Səttar Mehbalıyevin dövlətin mühüm strukturunu illərdir ki, turizm şirkətinə çevirməsindən qaynaqlanır. Məlumatlara görə, AHİK-dən “putyovka” əldə etmək indi özəl tur paket almağa oxşayır. Dövlət qulluqçularına, müxtəlif büdcə təşkilatlarında işləyənlərə, yaradıcı mühitdə olan insanlara aid putyovkalar əsl, sahiblərinə deyil, başqalarına çatır. Bu da Mehbalıyevin gəlirli yay biznesidir. AHİK açıq şəkildə “putyovka”ları 400-500 AZN civarında satır. Həmkarlara aylıq haqq ödəyənlər kənarda qaldığı halda, kim pulunu verirsə, sanatoriyalardan yararlanır.


Üzvlük haqqı ödədiyi halda “putyovka” əldə edə bilməyənlər bildirir ki, AHİK-in tabeliyində olan “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tərkibində 5 sanatoriya mövcuddur və bu sanatoriyaların əksəriyyətində “putyovka”lar satılır. “Kurort” QSC-də “putyovka”ları həm nağd şəkildə ödəniş etməklə, həm də cəmiyyətin hesabına müvafiq vəsaiti köçürməklə əldə etmək mümkündür.

“Abşeron”, “Günəşli”, “Bilgəh” bazarı…

Bununla yanaşı, cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan onlarla sanatoriyalar AHİK sədrinin şəxsi biznes obyekti kimi idarə olunur. Uzun illərdir ki, “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara “putyovka” tapmaq müşküldən də müşkül məsələdir. Məsələnin digər tərəfi isə “putyovka”lardan yararlana bilənlərin narazılığıdır. “Putyovka” əldə edə bilənlər bildirir ki, göndərildikləri yerləri səviyyəsi bərbad, xidmət çox aşağı, şərait isə natəmiz olur. Təkcə bir fakt Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin bütün təbliğat kampaniyasını alt-üst etməyə yetərlidir. 2021-ci ilin noyabrında bir qrup şəhid ailəsi və qazinin mediayada şikayət məktubu yayıldı.
Şikayətdə bildirilirdi ki, “Möcüzəli Naftalan” sanatoriyasına dincəlmək üçün gedən şəhid ailələri və qazilərə nə normal xidmət göstərilib, nə normal qidalanma olub, nə də istirahət. 10 gün nəzərdə tutulan “putyovka” şəhid ailələri və qazilər üçün istirahət yox, əsl cəhənnəm “bileti” olub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəznində olan bu sanatoriyada nə normal xidmət var, nə də fəaliyyət. AHİK yüksək səviyyəli yerləri açıq formada satışa çıxarır, bərbad şəraitli yerləri isə şəhid ailələri və qazilərə layiq görür.


“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Xəzər Teyyublu mətbuatda yayılmış bu xəbərlərin bütün hallarda yoxlanılmasına və araşdırılmasına zərurət olduğunu düşünür. Onun fikrincə, ümumilikdə “putyovka” ilə bağlı hər il problemlər yaşanır və bəzi informasiyalar yayılır. X.Teyyublu hesab edir ki, bu sahədə yeniliklər olmalı, şəffaflıq təmin edilməli, eləcə də ictimaiyyətə hesabat verilməlidir: “Çünki dövlət qulluqçuları öz maaşından hər il ödəniş edirlər. Eləcə də üzvlük pulu ilə bağlı maliyyə hesabatı olmalıdır. Hər halda, belə xəbərlər varsa, deməli, araşdırıla bilər”.

Tribunainfo.az
Araşdırma qrupu