“Ağsu yeganə rayondur ki, burada peşə məktəbi yoxdur”

“Ağsu yeganə rayondur ki, burada peşə məktəbi yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ağsu rayonu onu əhatə edən inzibati ərazi subyektləri arasında yeganə rayondur ki, burada peşə təhsili verən təhsil müəssisəsi yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunların müzakirəsi zamanı bildirib.

“Məsələyə Dağlıq Şirvan iqtisadi rayonu kontekstindən yanaşmayacağam. Çünki xəritə və ərazinin ümumi relyefi əhalinin gediş-gəlişi baxımından nəzəri deyil, sahə üzrə yanaşmaların zəruri olduğunu ortaya çıxarır. Məsələn, Ağsudan Kürdəmirə getmək daha rahatdır, nəinki dolayları aşaraq Şamaxıya və ya Qobustana. Ağsu rayonunun 81 min əhalisi var. Bəzi qonşu rayonlarla müqayisədə Ağsunun əhalisinin sayı heç də az deyil. Rayonda mövcud olan sənaye müəssisələri də, yenə də qonşu rayonlarla müqayisədə kifayət qədərdir. Xatırladım ki, Ağsu rayonunu əhatə edən Şamaxı, Göyçay, İsmayıllı və Kürdəmirdə peşə liseyləri var və bu liseylərdə tədris olunan ixtisasların da əhəmiyyətli hissəsi bir-birini təkrarlayır. Məsələn, “Geniş profilli traktorçu-maşinist, təmirçi çilingər” ixtisası adlarını sadaladığım rayonlarda fəaliyyətdə olan peşə məktəblərinin hər birində var. Eyni fikri “Elektrik qaz qaynaqçısı”, “Əməliyyatçı-mühasib”, “Elektrik montyoru”, “Baytar texniki”, “Avtomobil təmiri” və digər ixtisaslarla bağlı demək də mümkündür. Amma Ağsu da daxil olmaqla adlarını çəkdiyim rayonlarda ən böyük problem suvarma sistemləri ilə bağlı olduğu halda yalnız Kürdəmirdə belə bir peşə tədris edilir”, – deputat qeyd edib.

E.Mirzəbəyli əlavə edib ki, sözügedən ərazidə yaşayan əhali əsasən kənd təsərrüfatı ilə məşğul olsa da, “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer” peşəsi yalnız Göyçay peşə liseyində var:

“Şamaxıda, Göyçayda, İsmayıllıda kollec var. Sözügedən kolleclərdə də bir xeyli ixtisas təkrarlanır. Amma Ağsuda nə peşə məktəbi, nə də kollec yoxdur və bu da şübhəsiz ki, rayonda təhsilin səviyyəsinə və elm və təhsillə bağlı ümumi atmosferə öz mənfi təsirini göstərir. Hökumətimizi Ağsu rayonunda kollec və ya peşə liseyinin yaradılması ilə bağlı təşəbbüsləri nəzərdən keçirməyə çağırıram. Ümid edirəm ki, peşə və kollec təhsilinin inkişafı ilə bağlı təşəbbüslərə verilən reaksiya Ağsu aşırımını aşıb keçə biləcək. Eyni zamanda Heydər Əliyev Fonduna Ağsuda təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi və keçirməyi planlaşdırdığı layihələrə görə dərin minnətdarlığımı bildirirəm”.