Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb

Ağstafanın icra başçısı ölkədən gizli pul çıxaran şirkətlə anlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayon İcra Hakimiyyəti ilin sonuna doğru daha bir tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, abadlıq işlərinin satınalınmasını əhatə edən tenderə əsasən rayonda 199 min manatlıq işlər görüləcək.
Qeyd edək ki, İcra Hakimiyyəti bu müsabiqədə “”HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Açıq mənbələrdən belə görünür ki, bu şirkət son illər həddindən artıq sayda tenderlərin iştirakçısı olub. Məsələn, təkcə, 2020-2023-cü illərdə şirkətin iştirak etdiyi tenderlərin sayı 162 olub. Bu müsabiqələrin əksəriyyəti isə milyonluq layihələri əhatə edib.
Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC 28.02.2005-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyata alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəylu küçəsi, ev 52, mənzil 20-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Orucov Əlövsət Bilal oğludur.
Bundan başqa, Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi dövlət qeydiyyatına alınıb. Adı 19.06. 2020-ci ildə dəyişdirilərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” olub. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub. Çünki bəzi qaynaqlarda “Piramida F.R” MMC-nin təkcə 2020-ci ildə dəyəri 1 milyon manatdan çox olan şübhəli satınalma müqavilələri imzaladığı iddia olunur. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə yerli mediada da yazılıb.
Daha sonra isə məlum olub ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MMC -yə vergi öhdəliklərini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq ediB. Məsələn, səyyar vergi yoxlamaları üzrə 1 622 631.02 manat əlavə vergi, 878 867.47 manat maliyyə sanksiyası hesablanıb. Bundan başqa vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə MMC -yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilib. MMC-nin 22.01.2024-cü il tarixdə dövlətə 1 473 252.55 manat vergi borcu olub. Hazırki günə isə bu borc qismən ödənilib və 1 028 504.33 manat təşkil edir.
Amma “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin adı bir başqa qalmaqallı məsələdə də hallanır. Tribunainfo.az xəbər verir ki, bu ilin yayında Mərkəzi Bank “Harmony İndustrial Construction and Engineering Group” MMC-yə cərimə protokolu yazıb. Şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub. Bu o deməkdir ki, şirkət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal etməyib. Yəni, ölkədən valyita çıxarılıb, lakin onun müqabilində heç bir mal və məhsul alınmayıb.
Maraqlıdır ki, Ağstafanın icra başçısı Seymur Orucov bu qədər vergi borcu olan və ölkədən dolayı yollarla valyuta çıxardığı üçün cərimə edilmiş şirkətlə niyə anlaşıb? Məntiqlə icra başçısı hətta öhdəliklərini yerinə yetirə bilməyən və dəfələrlə məhkəməyə verilən “Harmony İndustrial Construction and Engineering Group” MMC-dən uzaq durmalıydı. Lakin bunun əksi baş verdiyindən, preosesdə maraqların üst-üstə düşməsi şübhələri yaranmamış deyil.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.