Ağdamda atanın işgəncə verdiyi körpələrdən biri komadadır

Ağdamda atanın işgəncə verdiyi körpələrdən biri komadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamda iki azyaşlı uşağın valideynləri tərəfindən döyülərək ağır xəsarət alması ilə bağlı faktlar ictimaiyyətin kəskin reaksiyasına səbəb olub.
Hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb. Məlumata görə, 2 və 3 yaşlı uşaqlar valideynləri tərəfindən zorakılığa məruz qalıb. Uşaqlardan biri – 2 yaşlı uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 3 yaşlı uşağın vəziyyəti isə son dərəcə ağır olduğundan müalicəsinin davam etdirilməsi üçün Bakıya gətirilməsi planlaşdırılır.

Tribunainfo.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən ata – Sadiq Rəhimov polis tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Vəkil Zibeydə Sadıqova paylaşdığı məlumatda qeyd edib ki, azyaşlıların işgəncəyə məruz qalması ilk dəfə deyilmiş. Belə ki, azyaşlıların bir müddət əvvəl də valideynləri tərəfindən şiddətə məruz qaldıqları üçün valideynlərindən alınıblar. Uşaqların bədənində dişləmə nəticəsində xəsarətlər aşkarlanıb. Uşaqlar bir müddət körpələr evinə götürülsə də, daha sonra yenidən valideynlərinə qaytarılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayılan məlumatları təsdiqləyib. Komitənin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, məsələ nəzarətə götürülüb, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları xəstəxanada uşaqların vəziyyəti ilə yaxından maraqlanır.
Qurum uşaqların valideynlik hüququndan məhrum edilməsi məsələsinin də gündəmdə ola biləcəyini istisna etməyib.

Məlumata görə, daha əvvəl məhkəmə uşaqlardan birinin ananın himayəsinə verilməsi barədə qərar çıxarıb. Buna baxmayaraq, hər iki azyaşlının yenidən ata və ananın yanında qalması onların həyatını təhlükə altına salıb.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə son paylaşımında şiddətə məruz qalan azyaşlının vəziyyətinin ağır olduğunu bildirib. O bildirib ki, körpə komadadır:

“Onun ailəsi qiymətləndirilmədən valideynlərinə qaytarılması qərarını məhkəmə çıxarmışdı”.

Qeyd edək ki, hadisə ilə bağlıcinayət işi açılıb, istintaq davam edir.

Gülşən Rəsul