Ağdam rayon İcra Hakimiyyəti bir gündə iki tender keçirərək, elə onu eyni şirkətə verib. Tribunainfo.az xəbər verir ki, bu barədə satınalma portalında məlumat dərc olunub.
Həmin məlumatda deyilir ki, tenderlərdən biri Ağdam rayonu ərazisində kəndlərdaxili yolların asfalt örtüyünün qurulması işlərini əhatə edəcək. Bu işlərə isə 112.104,72 manat sərf olunacaq.
İkinci tender isə Ağdam rayon ərazisində abadlaşdırma (yaşıllaşdırma) işlərinin görülməsi ilə bağlıdır. Bu məqsədlə İcra Hakimiyyəti 280.586,3 manat pul ayırıb.
Bildirək ki, hər iki tenderin qalibi “DREAM CONSTRUCTİON COMPANY” MMC olub.
Rəsmi qaynaqlarda bildirilir ki, “Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə İbrahimova Zəhra Musa qızıdır.
Tribunainfo.az-ın araşdırmaları zamanı məlum olub ki, “Dream Construction Company” MMC əvvəllər “Otaxlı” MMC adı ilə fəaliyyət göstərib. 2022-ci ildə isə şirkətin adı dəyişdirilib. MMC-nin ilk qanuni təmsilçisi Hacıyev Mövlan Nəqşibəndi oğlu olub. Onu Abbasov Xıdır Pirverdi oğlu əvəzləyib. Xıdır Abbasovdan sonra isə şirkətin rəsmi təmsilçiliyi Zəhra İbrahimovaya keçib.
Bildirək ki, bu şirkət su borularının çəkilməsi, təmiri və quraşdırılması üzrə ixtisaslaşdırılıb. Uzun zaman bir çox rayonlarda tenderlərin qalibi olub. Təkcə keçən ilin 6 ayı ərzində dövlət qurumlarından 727 753, 06 manatlıq sifariş alıb.