Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçinin davasına tanınmış yazarlar da reaksiya verib. Yazıçı Şərif Ağayar Tribunainfo.az-a deyib ki, sovet sistemi təkpartiyalı idi və tanınmış insanlar, sənət adamları ya vətən xaini kimi cəzalanır, ya da xalq şairi-xalq artisti kimi komfort həyatla əhatə olunurdular: “Hər şey birmənalı qiymətləndirilirdi. Ya yaxşı, ya pis. Ya qara, ya ağ. Başqa rəng, başqa seçim yox idi. Bu mərəz otuz ildir canımızdan çıxmır. Adamlara mütləq yarlıq yapışdırıb bir səngərə atırıq. Elə bil qeyri-səlis məntiqi yaradan fikir adamının həmyerliləri deyilik.
Çağdaş milli qəhrəmanlıq dastanımızın “Ağadadaş Ağayevlə baltanın əhvalatı” boyunda da eyni performansı sərgiləyirik. Adamlar iki radikal qrupa bölünüb: yarısı müğənnini, yarısı mühafizəçini müdafiə edir. Əlbəttə, bu əhvalat bir çox cəhətdən cəmiyyətimizin nə qədər çürük olduğunu göstərir: yalançı ad-san və şöhrət, manıs estetikasının xalqın ruhunu zədələməsi, qudurğanlıq, qeyri-peşəkarlıq, tibb sisteminin şalvarını batırmağa davam etməsi və sair və ilaxır”.
Ş. Ağayar hesab edir ki, lakin məsələnin hüquqi-mənəvi tərəfi çox sadədir: “Ağadadaş Ağayev balta ilə hücum etməkdə səhvə və təbii, qanun pozuntusuna yol verib, mühafizəçi isə onu yerə yıxıb zərəsizləşdirəndən sonra təpikləməkdə. Nə o sənət adamı kimi davranıb, nə bu işini bilən peşəkar kimi. Hadisədə insanlıq amili axtarmaq isə bihudədir, çünki ortada qarşılıqlı zırramalıq faktından başqa heç nə yoxdur.
Mansıların öz həmkarlarını müdafiə eləməsi də başadüşüləndir, lakin müdafiə çox biabırçı şəkildə ifadə olunur. Məsələn, paylaşımların birində hüquq-mühafizə orqanlarından iki şey xahiş edirlər: işə ədalətlə baxılmasını və Ağadadaş Ağayevin ulduz olduğunun nəzərə alınmasını…
Xalqın inanılmaz həddə varlandırdığı bu kütbeyinlər demokratiya cəhənnəm, ədalətin də nə olduğunu bilmirlər. Amma yaxşı da edirlər! Bilənlər hara çıxıb guya? Bir şeyin ki izi-tozu yoxdur, onu bilmək dərd-azardan başqa heç nə gətirməz”.
Yazıçı Zahid Sarıtorpağ isə hesab edir ki, kim olursa olsun, o dərəcədə emosiyaya qapılmaq düzgün deyil: “Dediklərim həm mühafizəçiyə aiddir, həm də xalq artistinə. Amma insan başına nə gələcəyini bilmir… Sadəcə, təəssüf… Yəqin onları o həddə çatdıran amillər var ki, biz bilmirik”.
Dəniz