Xəbər verdiyimiz kimi, xuliqanlıq cinayətinə görə istintaqı davam edən xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib. Müğənni iddia edir ki, hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəyib. Bu səbəbdən ona mənəvi ziyan ödənilməlidir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Medera Hospital”da öz növbəsində Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə bütün məhkəmə xərcləri daxil klinikadan 450 minə yaxın, hospital isə ondan yarım milyon manat pul tələb edir.
Hazırda işə Binəqədi Rayon Məhkəməsində baxılır. Bu günə təyin edilən proses Ağadadaş Ağayev iştirak etmədiyinə görə təxirə salınıb.
Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.
Hadisəyə görə Ağadadaş Ağayev və mühafizəçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Amma onlar həbsdə deyil. İstintaq dövrü müddətində barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.