Son günlər Azərbaycanda dabaq xəstəliyi və ətin təhlükəsizliyi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə narahatlıq yaradıb.
Mövzu ilə əlaqədar Tribunainfo.az-a açıqlama verən Qida təhlükəsizliyi mütəxəssisi Ağa Salamov bildirib ki, gəlin, bu məsələlərə nöqtəni biz qoyaq.
Dabaq xəstəliyinə toxunan mütəxəssis deyib:
“Bu o demək deyil ki, bütün Azərbaycanda olan iri və xırdabuynuzlu heyvanların hamısı dabaq xəstəsidir. Amma, hazırda dabaq xəstəliyi var. Elə bir ferma var ki, orada dabaq xəstəliyi yoxdur, baytar nəzarəti daha güclüdür, vaksinasiya gedir və s. var. Məsələ burasındadır ki, baytarın nəzarəti, rəyi, mənşəyi məlum olan bir ət məhsulunu bazardan almaq olar. Yaxud, hər hansı bir fermerdən də almaq olar. İctimai-iaşə müəssisələrinə çatdırıla bilər. Yəni, burada müəssisələrin bağlanması o demək deyil ki, quzu, iribuynuzlu və xırdabuynuzlu heyvanların satışı dayanacaq. Burada, xəstə olmayan heyvanlar da var və onların satışı davam edir. Təbii ki, baytar rəyi və nəzarəti altında olan bir şeydir. Satışa çıxarılan heyvanların da dabaq xəstəliyini daşıma ehtimalı sıfırdır. Çünki burada baytarların nəzarətindən keçən məhsullardır”.
Ətin mərkəzi istiliyi prosesindən danışan mütəxəssis danışıb:
“Gəlirik qida zəncirinin ortasına. İsti emal prosesində; dönər, kabab, sobada-tavada, suda bişən ət məhsullarının mərkəzi istiliyi 75 dərəcəyə çatana qədər bişirmək lazımdır. Zatən, qida təhlükəsizliyi qaydalarına uyğun olaraq dabaq xəstəliyi oldu-olmadı belə bir qayda var ki, mərkəzi istiliyi yuxarıda qeyd etdiyim temperaturda olmalıdır. Çünki bu dərəcədə artıq bakteriyalar, dabaq virusu da məhv olur. Ona görə bu gün hər yerdə kabablar da, dönərlər də rahat satılır. Əgər düzgün şərtlər altında bişirilirsə, burada dabaq xəstəliyindən söhbət belə gedə bilməz. Əgər baytar nəzarətindən keçməyibsə, səhlənkarlıqla gətirib satırlarsa, o ətin heç mənşəyi məlum deyil. Burada artıq başqa tədbirlər görülməlidir. Qeyd edim ki, çiy halda yeyilən, yaxud tam bişməmiş ətdən dabaq xəstəliyinin insana yoluxması yüksəkdir”.
Müğənni Brilliant Dadaşovanın ət haqqında çıxışına münasibət bildirən Ağa Salamov deyib:
“Biz görürük ki, ətin morfoloji xüsusiyyətlərini, qida təhlükəsizliyi qanunlarını bilməyən insanlar efirlərə çıxıb insanları qorxudur. Hətta müğənnimiz, Allah can sağlığı versin, xalq artisti Brilliant Dadaşova da çıxıb səsləndirir ki,”vicdanınız olsun, uşaqlara satmayın”. Siz müğənni kimi çox gözəl ifaçısınız, gözəl mahnılar oxuyursunuz, biz də dinləyirik. Amma bu məsələ sizin işiniz deyil axı. Siz gördüyünüz kimi deyil, pərdənin arxa tərəfi də var. Bu camaatın haqqına girməkdir və media da sizin statusunuzu dərc edir. Hamı Qida Təhlükəsizliyi Agentliyinin bir şöbəsi olub qərarlar verir. Amma baxırsan ki, gülünc qərarlardır”.
“Ümumiyyətlə ətin bişirilməsindən, xüsusiyyətlərindən, soyudulması və isidilməsindən, təqdimatından, buzunun açılmasından, daşınmasından, saxlanılmasından, emalından anlayışları olmayan adamlar, bu standartları bilməyən adamlar çıxıb lütfən, ət haqqında heç bir şey danışmasınlar. İnsanlar gedib öz işləri ilə məşğul olsunlar. AQTA var, onlar bir tədbir görəcəklər. Bu agentlik boşuna yaradılmayıb. Onlar az iş görmür, hər şey göz qabağındadır. Hamı bir dənə AQTA-nı tapıb onu tənqid edir”.
Qida mövzusunda hər kəsin fikir bildirməsini haqlı olaraq tənqid edən mütəxəssis vurğulayıb:
“Özüm 3-cü level qida mütəxəssisi olaraq, London diplomunu almışam. Mən menecmentlik səviyyəsini bildiyim halda və imza atdığım ictimai-iaşə müəssisələrində tətbiq etdiyim halda çıxıb bir kəlmə danışmıram. Jurnalist sual verər, bəli deyərəm. Çıxıb boş-boş danışmaqla deyil. Hamı danışır. Amma ələkdən keçirsən bir-iki mütəxəssis çıxar içlərindən”.
Süni ət məsələsinə də toxunan Ağa Salamov bildirib ki, bu konspirasiya nəzəriyyəsidir.
“Süni ətin hazırlanması bəzi ölkələrdə var. Hansı ki, soyadan, B12 vitamini əlavə olunmaqla yaradılır. Mən də demişəm ki, iri və xırdabuynuzlu heyvanlara dövlətlərdən asılı olmayaraq gizli güclər tərəfindən, hava damcısı ilə viruslar göndəriləcək və bu da o heyvanların məhvinə gətirib çıxaracaq ki, süni əti bazara çıxara bilsinlər deyə. Bu bir nəzəriyyədir və özünü doğruldub-doğrultmayacağı barədə efirlərdə də danışmışam. Sübut olaraq da, şahid də var. Mən bu fikirləri neçə illər bundan öncə demişəm. Amma bu o demək deyil ki, biz haqlıyıq, yanıldığımız tərəflər də ola bilər. Burada karbon emissiyasının azalması məsələsi də var. Ekologiyaya guya zərərlidir. Ondansa avtomobilləri azaltsalar, ekologiyaya bəs edir”.
Dəniz Pənahova











