Ağ Evin ən gənc mətbuat katibi: Tramp niyə onu seçdi?

Ağ Evin ən gənc mətbuat katibi: Tramp niyə onu seçdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni Ağ Ev mətbuat katibi Karoline Leavitt cəmi 27 yaşındadır və bu vəzifəni icra edən ən gənc şəxs kimi tarixə düşüb. O, Donald Trampın seçki kampaniyasının sözçüsü kimi çalışıb.

Tribunainfo.az “BBC”yə istinadla xəbər verir ki, K. Leavitt-in mətbuat katibi olacağını 2023-cü ilin noyabrında elan edən Tramp onun bu vəzifədə uğur qazanacağına əmin olduğunu deyib:
“Karoline ağıllı, cəsarətli və olduqca təsirli bir kommunikator olduğunu sübut edib. O, tribunalda uğur qazanacaq və Amerikaya mesajımızı çatdırmağa kömək edəcək”.

Karoline Leavitt kimdir?

O, Nyu-Hempşir ştatında doğulub və orada yerləşən Saint Anselm Kollecində kommunikasiya və siyasi elmlər üzrə təhsil alıb. O, tələbəlik illərində Fox News və Trampın Ağ Ev mətbuat ofisində təcrübə keçib və bu sahədə karyera qurmaq qərarına gəlib.

2019-cu ildə universiteti bitirdikdən sonra Trampın Ağ Ev komandasında prezidentin nitqlərinin yazarı kimi fəaliyyətə başlayıb, daha sonra isə köməkçi mətbuat katibi olub. O, həmin dövrdə Ağ Evin mətbuat katibi Keyli Makenaniyə brifinqlərə hazırlıqda kömək etdiyini və media ilə mübarizə apardığını qeyd edib.

Ağ Evdən ayrıldıqdan sonra, Leavitt Respublikaçı konqresmen Elise Stefanikin kommunikasiya direktoru olub. Daha sonra, 2022-ci ildə Nyu-Hempşirdən Konqresə namizədliyini irəli sürüb və Respublikaçıların namizədi olsa da, ümumi seçkidə Demokrat Kris Pappasa məğlub olub.

K. Leavitt-in siyasi baxışları Trampın siyasətinə yaxındır. O, iqtisadiyyatda vergilərin azaldılması və sərbəst bazar islahatlarını dəstəklədiyini bildirib. Miqrasiya məsələsində sərt mövqe tutaraq qeyri-qanuni immiqrasiyaya “SIFIR tolerantlıq” nümayiş etdirəcəyini və sərhəd divarının tikintisini tamamlayacağını vəd edib.

2024-cü ilin yanvarında Trampın üçüncü prezident seçki kampaniyasına qoşularaq onun mətbuat katibi kimi fəaliyyət göstərməyə başlayıb. İndi isə o, Ağ Ev mətbuat katibi vəzifəsinə gətirilib və ABŞ tarixində bu vəzifəni icra edən ən gənc şəxs olub.

Bundan əvvəl bu rekord 1969-cu ildə, 29 yaşında bu vəzifəyə təyin olunan Ron Ziegler-ə məxsus idi. İndi isə Karoline Leavitt Ağ Ev mətbuat brifinq otağında, Tramp administrasiyasının əvvəlki dönəmində media ilə bir çox gərgin mübahisələrin baş verdiyi həmin tribunada çıxış edəcək.