Sosial mediada bir yeniyetmənin qeyri-adekvat davranışları, ahıl insanlara qarşı etik olmayan rəftarını əks etdirən görüntülərin yayılması ciddi ictimai qəzəbə səbəb olub. Tribunainfo.az məlumat verir ki, həmin gənc yaşlı insanları ələ saldığı üçün qınağa tuş gəlib. Onun hərəkətləri sosial şəbəkələrdə yayılmaqdadır. Bu da ciddi etiraz doğurub. Vətəndaşlar Daxili İşlər Nazirliyindən tədbir görülməsini xahiş ediblər. Deyilənə görə, o, Ali Sovetin sədr müavini olmuş Afiyyədin Cəlilovun nəvəsidir. Cəlilov 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.
“Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır”.
Tribunainfo.az xəbər verir ki, bunu oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə “Jalilov” adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.