“Qurban müəllimin uğurları göz qabağındadı”
Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az saytına müsahibə verib. Bizimlə söhbətində bir çox maraqlı məqama toxunan mütəxəssis klubları və millinin baş məşqçisi Robert Prosineçkini tənqid edib
– Millimiz 10 xalla seçmə mərhələni 5-ci pillədə tamamladı. Komandamızın çıxışını necə dəyərləndirirsiniz?
– Çempionat tam güclü olanda yığmadan da nəsə tələb etmək olar. Belə baxanda 10 xal da tarixi nəticədi. İndiyə kimi heç kim yığmayıb. Elə oyunlar var ki, yaxşı oynayıblar, elə oyunlar da var ki, zəif çıxış ediblər. Yenə də deyirəm, yığma ilə klubu birləşdirsəydik, daha yaxşı olardı, nəsə əldə etmək olardı. Birinci növbədə, 8 komanda olsa belə, çempionatımızın səviyyəsini artırmalıyıq. Bunun üçün də məşq prosesləri, oyunlar gərgin olmalıdı. Yığmanın üzvü klubunda lider kimi oynamalıdı. Bu, əsas amildi.
– Sizinlə razıyam. Klubların da üzərinə yük düşür. Yığma üçün oyunçular yetişdirməlidirlər. Amma bir məsələ var ki, Prosineçki gəldiyi ilk ildə milli pis təsir bağışlamadı. 3 oyundan 7 xal toplayaraq, sensasiyaya imza atdılar. Sizcə, sonradan nə baş verdi ki, komanda enişə keçdi?
– Mən komandanın daxilində deyiləm. Bunu məşqçilərdən soruşsaz, yaxşı olar. Düzdü, seçmə mərhələyə yaxşı başladıq. İlk 3 oyundan 7 xal yığdıq. Nələrin baş verdiyini mən də bilmirəm. Bunun üçün gərək komandanın daxilini biləsən. Kənardan baxanda gördüyünü deyirsən. Amma içəridəki ab-havanı bilmirsən. Əslində ikinci ildə Almeyda da milliyə qoşuldu. Şeydayev özü çox potensiallı uşaqdı. Amma çox oynamaq lazımdı ki, potensialını tam aça bilsin. Məşq ayrı, oyun ayrı. Futbolçu gərək oynasın.
– Son vaxtlar Prosineçkinin adı bəzi xarici klublarla hallanırdı. Hətta “Bursaspor”la razılığa gəldiyi barədə iddia da ortaya atılmışdı. Bəlkə də enişin səbəbi elə bu idi…
– Ola bilər. Mən etiraz eləmirəm. Çünki belə söhbətlər oldu. Amma peşəkar məşqçi hər şeyi vaxtında, düzgün eləməlidi. Həmin xəbərləri mən də oxuyurdum. Guya təklifə razı olub. Amma peşəkar məşqçinin qaydası var. Müqavilə bağlayırsansa, buna hörmətlə yanaşmalısan. Qurtarandan sonra, qalırsan-gedirsən, bu, səninlə rəhbərliyin arasında olan işdi.
– Yəqin mətbuatdan oxumusuz. Prosineçki artıq Azərbaycanda qalmayacağını açıqlayıb…
– Hə, mən də oxumuşam. Yenə həmin söhbətə qayıdıram. Səhv eləmirəmsə, onun noyabrın axırına kimi AFFA ilə müqaviləsi var. Ola bilər, insandı, hirslənib, ona görə belə deyib. Ancaq peşəkar mütəxəssis dözməlidi. Müqavilənin sonuna yaxın rəhbərliklə görüşüb, məsələni həll etməlidi. Yalnız bundan sonra gələcək taleyi ilə bağlı müsahibə verə bilər.
– Çox güman ki, xorvatiyalı mütəxəssis gedəcək. Necə düşünürsüz, bundan sonra milli komandaya yerli məşqçi gəlməlidi, yoxsa əcnəbi?
– Mən 1992-ci ildən Azərbaycan futbolunda olmuşam. O vaxt da, indi də öz fikrimdə qalıram ki, hər bir işdə yerli mütəxəssis olmalıdı. Həm yığmada, həm də klublarda. Elə klublar olub ki, xaricilər gəlib məşqçiliyi həmin klublarımızda öyrəniblər. Adlarını çəkmirəm. Çünki heç vaxt həmkarlarım haqda pis fikirdə olmamışam. Yaxşı olar ki, həmin dəstəyi yerli məşqçilərimizə versinlər. Yerlinin ürəyi yanar. 1994-cü ildə Buxarestdə Rumıniyaya qarşı oyunda hamımız ağlayırdıq. Beynəlxalq arenada birinci dəfə himnimiz çalınırdı.
– Bəs yerli mütəxəssislərə inamsızlığın kökündə nə dayanır? Yerlilərə niyə inanmırlar?
– Bu, tamam başqa mövzudu. Yığmadan fərqli olaraq, klublarda həmişə yerli mütəxəssislər uğur qazanıblar. İnam lazımdır. Onda hər şey yaxşı olacaq. İnamsızlığın səbəbini isə gərək siz araşdırasınız. Mən hər yerdə təmiz, vicdanla çalışmışam. Klubdan da uzüağ ayrılmışam.
– Bəs AFFA-dan Ağasəlim Mircavadova təklif gəlsə, qəbul edərmi?
– Yox, AFFA-dan Ağasəlim müəllimə təklif gəlməz.
– Niyə?
– (Gülür). Bilirsiz, millini kimə tapşırsalar, canla-başla işləyər. Amma təcrübə böyük şeydir. Bizdə cavan məşqçilər var. Amma çoxu tələsir. Təcrübəli məşqçinin yanında işləsələr, bu, çox yaxşı olar.
– Son illər millidə baş məşqçi dəyişikliyi olanda daha çox Qurban Qurbanovun adı ön plana çıxır. Sizin bu məsələyə münasibətinizi də bilmək maraqlı olardı.
– Qurban müəllimin uğurları göz qabağındadı. Təcrübəsi də var. Niyə də işləməsin?! Komandasını Avroliqanın, Çempionlar Liqasının qrupuna yüksəldib. Hər şey onun özündən və rəhbərlikdən asılıdı. Özü istəyər-istəməz, bunu bilmirəm. Hazırda milliyə ən real namizəd odur.