Bildiyiniz kimi Tərcümə Mərkəzi 40 yaşa qədər şairlərin və yazıçıların şeir və hekayələrindən ibarət antologiya tərtib edir. Bildiyiniz kimi Tərcümə Mərkəzi 40 yaşa qədər şairlərin və yazıçıların şeir və hekayələrindən ibarət antologiya tərtib edir.
Mərkəzdə çalışan çox hörmətli dostlardan birinin xahişi ilə həmin kitaba mən də yazılarımı göndərmişəm.
Bayaq bir nəfərlə təsadüfən qarşılaşdıq, sən demə, həmin adam antologiyada gedən yazıların saf-çürük edilməsinə baxanlardan biri imiş.
Yəni ekspertmiş. Həmin ekspertin sözündən belə çıxdı ki, guya Tərcümə Mərkəzinin nəşr etdiyi kitabda görünmək üçün mənim xüsusi bir arzum və marağım var.
Elə deyil. Tam səmimi deyirəm, əgər həmin antologiyada çap olunduğuma görə yaxşı qonarar verəcəklərsə Mərkəzin rəhbəri, hörmətli Afaq Məsuddan xahiş edirəm ki, mənim də yazılarım kitaba daxil edilsin.
Çünki pula kəskin ehtiyacım var. Yox, bu antologiyada gedən yazılarıma görə qonarar-zad nəzərdə tutulmayıbsa başda Afaq xanım olmaqla bütün ekspert şurasından xahiş edirəm ki, mənim hekayələrim o kitabda çap olunmasın.
İcazə vermirəm və bəri başdan qəti şəkildə etiraz edirəm.
Çünki mən həvəskar bir qələm adamı deyiləm, o yaşda və elə bir səviyyədə də deyiləm ki, hardasa imzamın görünməyinə, bunun üçün xüsusi cəhd göstərməyə, canfəşanlıq eləməyə ehtiyacım olsun.
Lazım deyil. Bu antologiyanı çap etməkdə məqsəd cavan və istedadlı qələm adamlarını düşünmək, onlara diqqət göstərməkdirsə tam səmimi deyirəm: buna ehtiyac yoxdur. Bizə pul lazımdır!
Uşağımıza pampers almağa, arvadımıza paltar almağa, evimizə çörək almağa, avtobusa yolpulu verməyə pul tapmırıq. Bizim pula çox böyük ehtiyacımız var.
Yazılarımız, hekayələrimiz, romanlarımız onsuz da hər yerdə çap olunur.
Yenə deyirəm: bizə pul lazımdır. Bilirəm, antologiyaya qonarar verilmir, amma gəncləri həqiqətən çox istəyirsinizsə yaxşı olar ki, o kitaba çəkdiyiniz xərcləri üst-üstə qoyub gənc yazarlar arasında bölün, hərəsinə 100-200 manat pul verin, qoy gedib dərdlərini çəksinlər…
KƏRAMƏT NƏCƏFOV