İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadənin qalmaqallı işi ilə bağlı yeni detallar üzə çıxıb.
Tribunainfo.azTeleqraf-a istinadən xəbər verir ki, səs-küylü cinayət işində gözə dəyməyən fiqur, Əhmədzadənin xalası oğlu Kamran Ağayevlə bağlı bəzi məlumat əldə edib.
Kamran Firudin oğlu Ağayev 1977-ci ildə anadan olub. O, neftçilər arasında “Mamonya” ləqəbi ilə tanınır.
Məlumatlı mənbələr bildirir ki, Adnan Əhmədzadə Kamran Ağayevə hədsiz inanıb. Elə bu səbəbdən hazırda həbsdə olan Əhmədzadə bütün var-dövlətini və daşınmaz əmlakını ona etibar edib. Bunun isə Əhmədzadə üçün dəhşətli səhv olduğu bildirilir. Kamran Ağayevin harada olduğu sualına gəlincə, onun hazırda Moskvada gizləndiyi deyilir.
Rusiya neftininin qanunsuz satışında ittiham olunan, Maltada yerləşən “Alkagesta”nın sahibi də məhz Kamran Ağayevdir. Şirkətin icraçı direktoru isə Orxan Rüstəmovdur.
Qeyd edək ki, “Alkagesta” eyni zamanda sanksiya altında olan Liviya neftinin də satışını həyata keçirib. Söhbət Liviyada üsyançı komandir Xəlifə Haftarın nəzarəti altında olan Benqazidə hasil edilən neftin ticarətindən gedir. 2023-cü ilin yanvarından 2024-cü ilin avqustuna qədər – 42 tanker ümumi dedveyti 1,4 milyon ton olan köhnə Benqazi limanına 200-ə yaxın reys həyata keçirilib.