backend

Admiralın 20 Yanvarla bağlı azərbaycanlı jurnalistə AÇDIĞI SİRLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1990-cı il 20 yanvar hadisələrini Rusiya mətbuatında – “İzvestiya” və “Krasnaya zvezda” kimi qəzetlərdə, “Oqonyok” jurnalında işıqlandıran, donanma admiralı Vladimir Çernavinlə qalmaqallı müsahibəyə imza atan, bütün SSRİ-də səs-küyə səbəb olan məqalələrlə çıxış edən azərbaycanlı jurnalist Vasif Səmədovun Publika.Az-a müsahibəsi. 

1990-cı il 20 yanvar hadisələrini Rusiya mətbuatında – “İzvestiya” və “Krasnaya zvezda” kimi qəzetlərdə, “Oqonyok” jurnalında işıqlandıran, donanma admiralı Vladimir Çernavinlə qalmaqallı müsahibəyə imza atan, bütün SSRİ-də səs-küyə səbəb olan məqalələrlə çıxış edən azərbaycanlı jurnalist Vasif Səmədovun Publika.Az-a müsahibəsi.

– O vaxt informasiya blokadasının başladığı ərəfədə siz rus mətbuatında bu hadisələrə işıqlandırmağa nail oldunuz, səs-küylü “Müdaxilə” silsiləsini yaza bildiniz. Buna necə nail oldunuz?

– 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlayanda “Kommunist” qəzetində işləyirdim, müxbir idim. Hadisələr gərginləşdiyi günlərdə və aylarda mən də bir jurnalist kimi tez-tez “Azadlıq” meydanında, ayrı-ayrı müəssisələrdə olur, Sov.İKP-nin rəhbəri Mixail Qorbaçovun apardığı riyakar və ermənipərəst siyasətə, daşnakları, erməniləri açıq-gizli himayə edən qüvvələrin Qarabağda törətdikləri vəhşiliklərə qarşı günbəgün geniş miqyas alan etiraz mitinqlərini, tətilləri imkan daxilində işıqlandırmağa çalışırdım. Ayrı-ayrı respublikaların jurnalist təşkilatlarına teleqramlar vurdum, haray saldım, onları bizimlə həmrəy olmağa çağırdım. İstəyirdim həmkarlarımız səsimizə səs versin, başımıza gələn müsibətlər barədə dünya xəbər tutsun. Bizim üçün rusdilli mərkəzi mətbuatda həqiqəti demək çox çətin idi. Baş alıb gedən ədalətsizliklər hamı kimi məni də yaman sarsıtmışdı. Uzun müddət çox acı hisslər yaşadım. 1991-ci ildə iş elə gətirdi ki, “Kommunist” qəzetindən “İzvestiya”ya keçdim.

– Həmin dövrdən başlayaraq “İzvestiya”da 20 Yanvar həqiqətləri çap olundu?

– Yanvar faciəsi baş verən kimi Bakıda, respublikamızın bir sıra bölgələrində komendant saatı qoyulmuşdu. Bununla yanaşı, mətbuatda hərbi senzura tətbiq olunmuşdu. O zaman hadisələr yalnız hərbi senzuranın ciddi nəzarəti altında işıqlandırılırdı. Hərdən, çox nadir hallarda cəsarətli jurnalistlərimizin həyatı bahasına, böyük risk hesabına həqiqəti, günün reallıqlarını əks etdirən materiallar çap etdirmək mümkün olurdu.

Faciənin ilk günlərində xalq, əsasən, hadisələrin şahidi olan ayrı-ayrı adamlar vasitəsilə həqiqəti öyrənirdi. Mən də bir jurnalist kimi, insan kimi fikirləşirdim ki, nəyin bahasına olursa-olsun, bu müsibətləri dünyaya çatdırmaq lazımdır. Gecə-gündüz düşünür, baş sındırır, yollar axtarırdım.

Yeri gəlmişkən deyim ki, o vaxt Lənkəranda da ordu hissəsi ilə əhali arasında toqquşma olmuşdu. SSRİ müdafiə nazirinin müavini, Sovet İttifaqı Qəhrəmanı, donanma admiralı Vladimir Nikolayeviç Çernavin Lənkərandan SSRİ Ali Sovetinə deputat seçildiyi üçün onunla görüşmək istəyirdim. Məqsədim Dağlıq Qarabağ hadisələri, 20 Yanvar faciəsi ilə bağlı bu yüksək çinli hərbiçi və mötəbər şəxsin mövqeyini öyrənmək, ondan müsahibə alıb, Moskva qəzetlərinin birində dərc etdirmək idi. Admiralla görüşüb söhbət etmək üçün əlimdə kifayət qədər materialım, faktlarım var idi.

Xeyli tərəddüddən sonra qəti qərara gəldim. İşdən icazə alıb, gedişimin məqsədini heç kimə bildirmədən Moskvaya uçdum. Bir həftəyə yaxın orada qaldım. Hər gün SSRİ Müdafiə Nazirliyinə gedir, səhər saat ondan axşam saat səkkizə qədər, bəzən də daha gec qəbul otağında gözləyirdim ki, deputatımız Vladimir Nikolayeviçlə görüşüm. Lakin buna nail ola bilmirdim. Oradakı zabitlər Azərbaycandan gəldiyimi bildikləri üçün hər dəfə bir bəhanə gətirirdilər: “Çernavinin vaxtı yoxdur, işi çoxdur”. Bir dəfə onlarla lap əlbəyaxa oldum, əsəbi halda bildirdim ki, deputatımızla mütləq görüşməliyəm, əks halda buradan getməyəcəyəm! Növbətçi polkovnik məni kabinetinə çağırdı. Ona dedim ki, mən Bakıdan gəlmişəm, Çernavinin seçicisiyəm, həmin bölgənin seçicilərinin nümayəndəsi kimi gəlmişəm, onunla mütləq görüşməliyəm. Polkovnik nazir müavininin köməkçisinə zəng etdi. Nə cavab aldığını bilmədim. Mənə dedi ki, bayıra çıx, yarım saat gözlə. Heç on dəqiqə keçməmişdi ki, məni yenidən kabinetinə dəvət etdi. Adıma buraxılış vərəqəsi yazdılar. Sonra məni bir miçmanla qəbul otağına qaldırdılar.

Polkovnik içəri keçib, məlumat verdi. Çernavin məni öz seçicisi kimi qəbul etdi, çay, peçenye gətizdirdi. Görüşümüz zamanı seçici kimi deyil, “Kommunist” qəzetinin müxbiri kimi ondan müsahibə almaq istədiyimi söylədim. Sözün doğrusu, pis qarşılamadı.

– Nə üçün məhz Çernavinlə görüşmək istəyirdiniz?

– Bu səbəbsiz deyildi. Çernavinin Lənkəranda baş verə biləcək faciələrin qarşısının alınmasında təşəbbüs göstərdiyi barədə ətraflı məlumatım var idi. Gəlişimin əsas məqsədi hadisələrə onun münasibətini öyrənmək idi. Donanma admiralı səmimi cavab verməyə çalışırdı, bəzən də “dövlət sirridir, filandır”– deyib sualdan yayınırdı. O, başqalarından fərqli olaraq mənə obyektiv, Azərbaycanın dərdlərinə, faciələrinə yanan bir insan təsiri bağışladı. Verdiyim sualları, əsasən, cavablandırdı. Beləcə, söhbətimiz xeyli çəkdi. Mehmanxanada yazını qaydaya saldım. Sonra zəng vurub, köməkçisindən xahiş elədim ki, imkanı varsa, məni yenidən qəbul etsin.

Fikrim bu idi ki, müsahibəni nazirliyin makina bürosunda yazdırım. Nəhayət, çətinliklə də olsa, onu çap etdirib özünün oxuması üçün razılıq aldım. Nazir müavini materialı diqqətlə oxudu, bəzi yerləri düzəltdi. İkinci dəfə çapa göndərmək istəyirdik ki, köməkçisi gəlib dedi ki, sizi filan general gözləyir. Çernavin “qoy gəlsin”, – dedi. Həmin adam milliyyətcə erməni idi. Qəribə bir vəziyyət yarandı…

Məlum oldu ki, makinaçı erməni qızıymış. O, həmin generala xəbər çatdırıb ki, Çernavin Azərbaycan jurnalistinə müsahibə verib. O da bir bəhanə ilə Çernavinin yanına gəlib. Hiss olunurdu ki, isti münasibətləri var. Xeyli müddət nə barədə isə üstüörtülü söhbət etdilər. Bu arada materialı gətirdilər.

Donanma admiralı materialı oxuduqca səhifələri üst-üstə qoyurdu. Erməni generalı müsahibə ilə tanış olmaq arzusunu bildirdi, Çernavin etiraz etmədi. O, hərdən başını yelləyir, nazir müavininə xeyirxahlıq etmək istəyirmiş kimi ən obyektiv, kəskin məqamları dəyişdirməyi ona tövsiyə edirdi: “Siz bu cür desəniz milli münasibətlərdə gərginlik yarana bilər, nə bilim filan olar”.

Çernavin isə onun dediklərinə məhəl qoymadan dedi: “Yoldaş general, jurnalist mənim fikrimi, mövqeyimi öyrənməyə gəlib, sizin yox. Xahiş edirəm qəbul otağında gözləyin. Sonra özüm sizi çağıraram”. Erməni generalı qapıdan çıxar-çıxmaz Çernavin başını yellədi: “Belə hallar çox olur, fikir verməyin”.

Materialı oxuyub sona çatanda Çernavin soruşdu: Mənə dair başqa bir qulluğunuz varmı?

Bildirdim ki, xahiş edirəm hər səhifəyə qol çəkib, nazirliyinizin möhürü ilə təsdiq edəsiniz. Belə olmasa, hərbi senzura Bakıda müsahibənin dərc olunmasına etiraz edəcək.

Bir az fikrə getdi. Sonra bütün səhifələrə imza atıb, köməkçisinə göstəriş verdi ki, imzanın yanına möhür vurdursun. İmzalı, möhürlü materialı alıb, təşəkkürümü bildirdim. O, sözarası hansı mehmanxanada, hansı otaqda qalmağımla, Bakıya nə vaxt qayıdacağımla maraqlandı. Köməkçisini çağırıb, məni maşınla mehmanxanaya yola salmaq barədə göstəriş verdi…

Mehmanxanada təhlükəsizliyim baxımından nələr baş verdiyini söyləmək istəməzdim. Bir neçə saat sonra məni hərbi komendaturaya gətirdilər, bilet aldılar. Təyyarə tərpənənə qədər oradan aralanmadılar. Bərk-bərk tapşırdılar ki, Bakıya çatan kimi Çernavinə zəng vurum. Çernavin öz vizit kartını mənə vermişdi. Çatan kimi ona zəng vurdum. “Çox şadam ki, sağ-salamat gedib çatmısan” dedi.

Vaxt itirmədən müsahibəni “Azərinform”un (AzərTAc) əməkdaşları Sevinc Abdullayeva və Vaqif Rüstəmovun köməyilə respublika qəzetləri üçün hazırladıq. Şübhəsiz ki, MK-nın icazəsi, hərbi komendantın razılığı olmadan müsahibəni dərc etdirmək mümkün deyildi. Azad Şərifov müsahibənin tərcüməsini orijinalla birgə MK-ya göndərdi. Təxminən iyirmi günədək material qaldı orada.

– Səbəb nə idi?

– Süründürməçilik, qorxaqlıq, nə bilim daha nə… Axır ki, materialı geri qaytardılar, xatalı iş saydılar. Yenidən uçdum Moskvaya.

– Çernavinin yanına?

– Bəli, Çernavinin yanına. Zəng elədim, birbaşa özü ilə danışdım. Ondan xahiş etdim tapşırsın ki, materialı “Krasnaya zvezda” dərc etsin. Səbəbini də belə izah etdim ki, hərbi senzura rusdilli oxucular üçün müsahibənin Azərbaycanda dərcinə razılıq vermir. Dedi ki, telefonda gözlə. Kiminləsə danışdı. Razılıq əldə olunmuşdu. Getdim “Krasnaya zvezda” qəzetinin baş redaktoru general Panovun yanına. O, məni çox səmimiyyətlə qarşıladı. Müsahibəni alıb oxumağa başladı. Baxdı, gördü ki, hər səhifədə Çernavinin imzası möhürlə təsdiqlənib. Deyəsən, bu onun yamanca xoşuna gəldi. Belə olanda əsas məsuliyyət Çernavinin üzərinə düşürdü. Xeyli söhbətdən sonra dedi ki, müsahib yaxın günlərdə dərc ediləcəkdir.

Bilirsiniz, necə sevinirdim! Üç gün idi ki, Bakıya qayıtmışdım. Dedilər ki, “Krasnaya zvezda” qəzetində müsahibən dərc olunub. Sən demə, müsahibə çıxan kimi Moskvada böyük hay-küyə səbəb olub, Azərbaycan nümayəndəliyi də dərhal qəzeti Bakıya – MK-ya göndərib. Çap olunan tarixə diqqət edin: 22 may 1990-cı il. Azərbaycanın ən təlatümlü günləri idi o vaxt.

Bu, bəlkə də, mənim həyatımda ən böyük qələbəm idi. Respublika qəzetləri də onu iki dildə – Azərbaycan və rus dillərində dərc etdilər. Bütöv halda isə müsahibəni Sabir Rüstəmxanlı “Azərbaycan” qəzetində verdi. O vaxt, doğrudan da, əhali arasında böyük çaşqınlıq yaranmışdı. MK-da da qorxu var idi.

– Bəs “Müdaxilə” necə ərsəyə gəldi?

– O vaxt hamı deyirdi ki, xata məndən uzaq olsun. “Krasnaya zvezda”da material çıxandan sonra MK-da mənimlə maraqlandılar. Sonra mənə “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri vəzifəsinə getməyi təklif etdilər.

Bir müddət “Krasnaya zvezda”da məqalələr çap etdirdim. Sonra “İzvestiya”da işə başladım. “İzvestiya”da erməni lobbisi möhkəm kök salmışdı. İstədiklərini eləyirdilər. Xoşbəxtlikdən az müddət ərzində kollektivlə dil tapa bildim. Yanvar faciəsini isə unuda bilmirdim. Qarşıdan onun birinci ildönümü gəlirdi. Bilirdim ki, bu barədə təkbaşına özüm məqalə yazsam, əngəllərlə üzləşəcəyəm. “İzvestiya” qəzeti kimi çox böyük oxucu auditoriyası olan qəzetin tribunasını itirmək olmazdı. Hər an sayıqlıq tələb olunurdu. Həyatımızın, humanist dəyərlərin təqiblərə məruz qaldığını nəzərə alsaq, xalqımızın yanvar faciələrini bütün dünyaya car çəkmək məqamı yetişmişdi. Mən bunu açıq-aydın hiss edirdim. Odur ki, müstəqil jurnalist təhqiqatı aparıb, silsilə material hazırlamaq üçün əməkdaşlardan birinin Azərbaycana ezam edilməsini redaksiya rəhbərliyindən xahiş etdim. Təklifim çox çətinliklə də olsa bəyənildi. Siyasi icmalçı Valeri Vıjutoviçlə Bakıya ezam olunduq. 20 Yanvarın ildönümü günü idi. Şəhidlər Xiyabanını ziyarət etmək üçün xalq axınına qoşulduq. İstəyirdim ki, bu qəm, kədər dənizini, sonu görünməyən insan axınını seyr etdikcə mənim xalqım, millətim kimi o da sızıldasın, o da bu faciəni qəlbən duyub yaşasın. Mən şəhidlərimizin baş daşlarındakı yazılar barədə jurnalist dostuma məlumat verdikcə onun gözlərindəki qəzəbi, sifətindəki nifrəti açıq-aşkar duyurdum. O, çox kövrəlmişdi, gördüyü dəhşətli mənzərələrdən sarsılmışdı. Biz məzarları ziyarət eləyə-eləyə, ağır addımlarla irəliləyirdik. Yavaşca pıçıldadı: Biz nə qədər yanılmışıq. Nə həqiqəti bilmişik, nə də ki, həqiqəti yazmışıq. Bax, indi gördüklərimizdir əsl həqiqət!
Ziyarəti başa vurub, gəldik mehmanxanaya. Əvvəlcədən topladığım materiallarla onu tanış etdim. Bir çox faktları götür-qoy etdik, düşündük-daşındıq. İki həftə müddətində biz şahidlərlə, zərərçəkənlərlə, bir sıra rəsmi şəxslərlə, hərbçilərlə, mütəxəssislərlə görüşdük. Neçə gün audiokasetləri dinlədik, videokasetlərə baxdıq. Bunlarla yanaşı, arxiv və istintaq sənədlərilə tanış olduq.

Çox çətinliklə də olsa, “Müdaxilə” silsiləsini “İzvestiya”nın səhifələrinə çıxara bildik. “Müdaxilə” böyük sensasiya yaratdı. Sonra ona ön söz yazıb Azərbaycan və rus dillərində yüksək tirajla “Müdaxilə” adı ilə kitab şəklində çap etdirdim.

Nəşrlərin ikisi də böyük uğur qazandı. Bakıdan dünyanın müxtəlif ölkələrinə uçan təyyarə reyslərinə verirdim ki, “Müdaxilə” də, “Vtorjeniye” də daha çox oxucu qazansın. Qazandı da. Bunu aldığım çoxsaylı məktublar da deyir.

Yazı təkcə yanvarın 20-də Bakıda baş verən faciəli hadisənin səbəblərini deyil, həmçinin məqsədini, belə bir müsibəti törətməkdə əli və iradəsi olan kəslərin məkrli fəaliyyətini də açıqlamışdı. Əlbəttə, üç qəzet yazısında (“İzvestiya” 13, 14, 15 fevral, 1992-ci il ) bunları təhlil, təsdiq etmək asan olmamışdı. Ancaq, hər halda, ictimaiyyətin fikrini düzgün istiqamətləndirmək, hətta siyasi komissiyaların və istintaq işçilərinin təhqiq və tədqiq yollarına müəyyən qədər işıq salmaq, şəksiz, mümkün olmuşdu.