Bu günlərdə “AccessBank”-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib ki, Azərbaycanda bankların xərcləri çox yüksək olması kreditlərin faizinə təsir edir. Yəni Davitin məntiqinə görə, bankların saxlanılması, işləməsi və s. çox pul tələb etdiyi üçün yüksək faizlə kredit verirlər və bu məntiqə görə əziyyət çəkən sadə vətəndaş olur. Halbuki, Azərbaycanda bir çox bankların yüksək faizi dəfələrlə tənqid olunub, çünki bunlar faiz yox, millətin “belini qırmaq” kimi bir şeydir.
Atalar misalı var: “Toxun acdan nə xəbəri”. Davit Tsiklaurinin də vətəndaşlardan xəbəri yoxdur. Amma niyə olsun ki? Adam Azərbaycan vətəndaşı deyil, Gürcüstanda bank sektorunda yüksək vəzifələrdə çalışıb, Azərbaycana da yüksək vəzifəyə transfer olunub. Müştərilərə – vətəndaşlara da yalnız pul gözü ilə baxır.
Təsadüfi deyil ki, onun rəhbərlik etdiyi “AccessBank” ölkədə adı qalmaqallı hadisələrdə çəkilən əsas banklardan biridir. Mediada dövrü olaraq yayılan məlumatlara nəzər yetirmək bunu anlamağa imkan verir. Bu bankın vətəndaşlara göstərdiyi xidmətlə yox, vətəndaşa zülm etməsi ilə tanınması da real faktlara əsaslanır.
Misal üçün, “AccessBank” Qarabağ qazisini çıxılmaz vəziyyətə salan bankdır. Bir müddət öncə müharibədə ayağının birini itirən, digər ayağında isə çürümə baş verən qazi Vəli Dünyamalıyevi bu bankın ac qoyduğu şəxslərdəndir.
“AccessBank” həm də istənilən müştərinin “belinə” istədiyi qədər faiz yükləyən bank kimi ad çıxarıb. Esmira Hidayətova adlı müştəri də onlardan biridir. Bu müştəri 2015-ci ildə bankdan kredit götürüb və vaxtından əvvəl ödəyib də. Hətta borcunun olmadığına dair arayış da verilib, lakin bir müddət sonra bank ona əlavə faizlərlə birlikdə borcunun yığıldığı haqda bildiriş göndərib. Bank müştəriyə heç bir açıqlama vermədən onun əmək haqqı kartından bütün pulları “borca silib”. “AccessBank” haqqında yüzlərlə belə şikayət var.
Təsadüfi deyil ki, bu bank Azərbaycanda ən şox şikayət olunan bankların ilk üçlüyündə yer alır. Mərkəzi Bankın bu ilin fevral ayına olan şikayət indeksinə görə, “Accessbank” 2,55 indekslə üçüncüdür. O da maraqlıdır ki, bu bank bir neçə dəfə xaricdə mükafat alıb. Bu mükafatların fırıldaq yolu ilə əldə edildiyinə dair şübhələr var.
İndi belə bir bankın İdarə Heyətinin sədri çıxıb kredit faizləri ilə bağlı camaata “ağıl verir”, vətəndaşın cibinə girməyə çalışır. Görünür, Davit Tsiklauri Azərbaycandan olmadığı üçün bu ölkənin vətəndaşının problemi onun üçün maraqlı deyil. “Accessbank”ın 100 faiz səhmi də xarici tərəfdaşlara aiddir, yəni xarici bankdır. Belə görünür ki, xarici bank Azərbaycanda vətəndaşları soymaqla məşğuldur.
demokrat.az