COP29 konfransı ərəfəsində Bakıda və çevrə ərazilərdə təmizlik və abadlıq işləri sürətli şəkildə həyata keçirilir. Hazırda təkcə Bakıda deyil, iri şəhərlərdə də bir xeyli binaların təmiri, yenilənməsi prosesi reallaşdırılır. Lakin görünən odur ki, Bakının ətrafındakı rayonlar üçün COP29 kimi ciddi tədbirin elə də ciddi əhəmiyyəti yoxdur.
Tribunainfo.az xəbər verir ki, fotodakı ərazi Bakının 7 km-də yerləşən Xırdalan şəhərində yerləşir. Rövşən Əliyev küçəsindəki zibilxana isə aylardır olduğu kimi qalır və Abşeron Rayon İcra Hakimiyyəti ərazini təmizləmək fikrindən çox uzaqdır.
Maraqlıdır ki, zibilin qalaqlandığı ərazi tullantılar üçün nəzərdə tutulmuş qutuların qoyulduğu yerin çevrəsidir. Üstəlik, bu, avtobus dayanacaqlarına gedən yolun üstündədir. Yəni, hamının göz qabağında, insanların hər gün hərəkət etdiyi yolun üstüdür.
Hər nə hikmətdirsə, bu zibilxananı hamı gördüyü halda, Abşeron rayon İcra Hakimiyyəti görmür. Yəqin, başları daha ciddi işlərə qarışıb ki, bu biabırçılıqdan xəbərsizdirlər. Ya da belə işlərdən onlara hər hansı fayda gəlmədiyindəndir ki, əhəmiyyət vermirlər.