Abşeron İH Məhəmməd Füzulini qurdlamış zibil torbaları altında “basdırıb” – Rəzalətbackend

Abşeron İH Məhəmməd Füzulini qurdlamış zibil torbaları altında “basdırıb” – Rəzalət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Masazırda Məhəmməd Füzuli küçəsinin (Əlağa Vahiddən ayrılan küçə) sakinləri tullantılarını zibil qutuları olmadığı üçün küçədəki kommunikasiya dirəklərindən asmağa məcburdurlar.
Bu barədə Qaynarinfo-nun Baş redaktoru Pərviz Cəbrayıl məlumat verib. O bildirib ki, Abşeron Rayon İcra Hakimiyyəti sözügedən ünvanda əsil “poeziya nümunəsi” yaradıb:
“Baxdıqca adamda bədii təxəyyül fontan vurur. Burda qara-boz internet dirəkləri qara günlü adamlara oxşayır. Birinci baxışda adama elə gəlir ki, küçə boyu bu qara adamlar sıralanıb bazardan gəlir, əllərində də dolu ərzaq paketləri. Sevinirsən ki, qaragünlü insanlarımız belə bolluq içində yaşayır. Əslində isə küçəboyu görünən bu paketlər zibil paketləridir və bəzən həftələrlə yığışdırılmamış qalır. İy, üfunət aləmi bürüyür, zibildə yaranan ağ qurdlar qaynayır, pöhrə verir, milçək əlindən qapını aça bilmirsən, hələ yaraları qurd basmış küçə itləri, sahibsiz pişiklər bu paketləri parçalayıb yola dağıdanda görəsən! Evinə gələn qonaqlara da yolu zibilliklə nişan verirsən! Bəs nə! O qədər gözə girirlər ki, “Filanıncı zibil dirəyindən sağa burularsan”, – deyirsən, rahatca tapırlar. Görünür İcra Hakimiyyəti elə bunu da əsas götürüb rayon sakinlərinə necə gözəl xidmət etdiyini düşünür, arxayın olur”.
Pərviz Cəbrayılın sözlərinə görə, iki ayın başında bələdiyyədən gəlib zibil daşınma pulu istənilir:
“Pulu yığmaq üçün də həmin gün zibil maşını gəlir, sonra növbəti pula qədər yoxa çıxır. Hazırda küçə başdan-başa şəkillərdə göründüyü kimidir. Küçədə bir dənə zibil qutusu yoxdur. Bələdiyyə də deyir ki, İcra Hakimiyyəti maşın ayırmır, neynəyək? Zibil daşınmır, antisanitariya meydan sulayır, yollar bərbad gündə. Görəsən İH başqa nə işlə məşğul olur? Yazıq Füzuli, nə sağlığında bir gün gördü, nə öləndən sonra görür”.
Məsələ ilə əlaqədar Masazır bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədrinin müavini Elşad Sadıqov Qaynarinfo-ya açıqlamasında məişət tullantılarının vaxtlı-vaxtında yığılıb daşındığını bildirib:
“Biz bilmirik ki, sakinlər zibillərini niyə dirəklərdən asırlar? Belə hallar nadir olur. Məişət tullantıları yığılan zaman ərazidə birdən texnika sınır, bu zaman interval pozulur. Belə hallarda həmin vaxt yaranır. Əraziyə baxan sahə rəisimiz var, indi onlara bildirəcəyəm, problem aradan qaldırılacaq”.