Hövsan qəsəbəsi, Südçülük sovxozu yaşayış sahəsinin sakinləri ərazidə deputat Rüfət Quliyevə məxsus “European Tobacco-Baku” ASC-nin zəbt etdiyi yolun açılmasını istəyirlər.
600 sakinin imzası ilə Prezidentin Administrasiyasına ünvanlanan müraciətdə bir sıra problemlərlə yanaşı, sözügedən yolun açılmasına da yardım edilməsi xahiş olunub.
Tribunainfo.az xəbər verir ki, bu məlumatı Südçülük sovxozu yaşayış sahəsinin sakini Abdul Abilov paylaşıb.
Məsələyə Suraxanı Rayon İcra Hakimiyyətində baxılıb. Məlum olub ki, zəbt edildiyi deyilən yol yerləşdiyi 25 hektar ərazi ilə birlikdə 2015-ci ildə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən “European Tobacco-Baku” ASC-yə icarəyə verilib.
Suraxanı rayon rəhbərliyi sakinlərə bildirib ki, şirkət yolun bir hissəsini öz məqsədləri üçün hasarlasa da, bir hissəsini ümumi istifadə üçün açıq saxlayıb.
Abdul Abilov isə yolun əsas (geniş) hissəsinin bağlandığını, ona paralel ensiz və yararsız yolun saxlanıldığını söyləyib. Bu səbəbdən Suraxanı Rayon İcra Hakimiyyəti həmin yolu Zığ şosesinin köməkçi yoluna birləşdirməyib.
Sakinlər yolun tam açılmasıni istəyir. Ərazidə yaşayan 200 minə yaxın sakin üçün bu yol alternativ giriş-çıxış kimi çox vacib hesab edilir. Mərkəzi küçədə hər gün tıxac olduğu və tıxacın Mərdəkan şosesinə kimi uzandığı bildirilir.
Zəbt edildiyi deyilən yol Suraxanı ərazisində yerləşsə də, Abşeron rayonunun balansındadır.