ABŞERON İH-DƏKİ KORRUPSİYADAN FƏRZƏLİYEV XƏBƏRSİZ OLUB? – AÇIQLAMA

ABŞERON İH-DƏKİ KORRUPSİYADAN FƏRZƏLİYEV XƏBƏRSİZ OLUB? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda idarəetmə sisteminin davranış qaydalarını nəzərə alsaq, hansısa bir orta səviyyəli məmurun qərarlar verməsi rəhbərin razılığı və ya iştirakı olmadan mümkün deyil. Ola bilməz ki, icra hakimiyyətində bir məmur yol verdiyi qanunsuzluğa görə məsuliyyətə cəlb edilir və icra başçısının bu qanunsuzluqlardan xəbəri yoxudur. Bu cür hadisələr baş verirsə sonuncu imza atan, razılıq və qərar verən icra başçısı olur. Məsuliyyəti də o daşıyır. Bu həmişə də belə olub.

Bu sözləri Tribunainfo.az-a iqtisadçı ekspert Natiq Cəfərli dünən Baş Prokurorluğun Abşeron Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla bağlı danışarkən deyib. İqtisadçı bildirib ki, bu kimi məsələlərin köklü həllinin artıq vaxtıdır. Tək Abşeron RİH-də kimlərinsə məsuliyyətə cəlb edilməsi ilə problem həll olmayacaq:

“İcra hakimiyyəti orqanı artıq köhnəlib. Son illər nə qədər icra başçısı həbs edildi, neçə icra hakimiyyətində əməliyyatlar keçirildi. Başçılar, müavinləri saxlanıldı. Ancaq görünən odur ki, heç nə dəyişməyib. Çıxarılan və ya həbs edilənlərin yerinə təyin edilənlər də köhnə işi davam etdirir, heç nədən çəkinmirlər. Deməli, icra hakimiyyəti institutu özü dəyişdirilməli, ləğv edilməlidir. İcra hakimiyyəti institutu sovetlərdənqalma birinci katibin adının dəyişdirilmiş formasıdır. İndiki müasir dövrün tələblərinə də cavab vermir. İcra hakimiyyətlərinin ləğv edilməsi, bələdiyyələrin gücləndirilməsinin vaxtıdır.
Təyin edilmişlər seçilmişlərlə əvəz edilməlidir. Belə olduğu halda ikiqat məsuliyyət yaranacaq. Seçilmişlərin seçicilərdən asılılığı və məsuliyyəti yaranır, həmçinin qanun qarşısında məsuliyyəti artır. İndi icra hakimiyyəti başçısından tutmuş əməkdaşlarına qədər heç kəs vətəndaş qarşısında məsuliyyət daşımır. Heç bir məsuliyyəti olmadığına görə korrupsiya halları da artır.
Ona görə də tək Abşeron RİH-lə bağlı yox, icra hakimiyyəti institutu ilə bağlı konkret qərar verilməsinin vaxtı yetişib”