ABŞ VƏ RUSİYA ARASINDA NƏ BAŞ VERİR?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin Krımın işğalı qərarını təkbaşına verəndə məsələnin iqtisadi tərəfini hesablamadı”. 

“Putin Krımın işğalı qərarını təkbaşına verəndə məsələnin iqtisadi tərəfini hesablamadı”.

TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ-ın Rusiyaya tətbiq etdiyi sansksiyaya münasibətində deyib.

 “Rusiya düşünür ki, Gürcüstana qoşun yeridib Cənubi Osetiya və Abxaziyanı işğal edəndə mənə nə etdilər ki, indi də nə edələr” deyib Ukraynanı parçaladı. Ancaq Krım qırmızı çizginin aşılması idi. Rusiyaya qarşı sanksiyalar sərtləşir, dostların sayı azalır, xarici kapital Rusiya bazarından çıxır, rubl dəyərdən düşür. SSRİ-nin kommunist rəhbərləri 1979-ci ildə Əfqanıstana müdaxilə qərarı verəndə Putin kimi sonrasını fikirləşməmişdilər”.

Poliqon İnformasiya Agentliyinin baş redaktoru Azər Qaramanlı deyir ki, ABŞ-la Rusiya arasında başlayan soyuq savaş və geopolitik düşmənçilik artıq geridönməz xarakter alır: “Bunu dünənə qədər Trampa ümid bəsləyən başda Putin olmaqla Rusiya siyasətçiləri artıq gizlətmirlər. İşin maraqlı olanı isə, təbii ki, hazırda başlayan soyuq savaşın nəticləridir. Gerçəklik bundan ibarətdir ki, Trampdan sonra ABŞ problem yaşamayacaq, bəlkə də problemdən qurtulacaq. Amma Putindən sonrakı Rusiya bəlkə də tarixinin ən böyük problemini və böhranını yaşayacaq.

Bu, Rusiyanın gələcəyi üçün Putin hakimiyyətinin xarakterinin çizdiyi reallığın bir mənzərəsidir. Rusların çox az hissəsi bunu anlayır və Putindən sonrakı dönəmin rəzil mənzərəsini artıq beyinlərində şəkilləndirə bilirlər. Nəticədə ruslar axın-axın Rusiyanı tərk edirlər. Rusiyanı tərk edənlər Durov kimi gənc beyinlərdir. Onlar artıq Rusiyanı öz beyinlərində dəfn edib, Rusiyadan qaçırlar.

Lakin imperiya həvəsi və şovinzmlə qidalanan rusların böyük əksəriyyəti Putindən sonrakı dönəmin Yelsin dönəmindən qat-qat rəzil olacağını təsəvvür edə bilmirlər. Onlar başa düşmürlər ki, Putini yaratdığı “möhtəşəmlik” yarımçıq “möhtəşəmlik”dir və ümumilikdə Rusiya dövlət institutu yarımçıq və özünü tamamlaya bilməyən, ən əsası özünü tamamlaması imkansız olan bir dövlət institutudur.

Onlara görə Putin Rusiyanı diz üstündən qaldıraraq ayaq üstə qoyub. Amma fakt odur ki, hərbi gücünə, daha doğrusu nüvə arsenalına arxalanan Rusiya iqtisadi cəhətdən ayaq üstə dura bilmir və görünən odur ki, bu nəhəng ölkəni diz üstündən qaldıran və zorla, hətta belə deyək ki, öz həmkarlarını nüvə arsenalı ilə şantaj edərək ayaq üstündə tutan Putindən sonra Rusiya bütün gövdəsi ilə yerə yıxılacaq.

Nəticə olaraq maraq doğuran sual isə budur ki, Rusiya boyda bir nəhəng bir də ayağa qalxa biləcəkmi?”.

İlahə