İranla İsrail arasında hərbi qarşıdurma təhlükəsi davam edir. Tribunainfo.az xəbər verir ki, İsrail hərbi komandanlığı İrana hücum üçün konkret əmr gözləyir.
Təl Əvivdə yayınlanan “Kanal12” TV isə iddia edib ki, ABŞ və bəzi ərəb ölkələri İsrailə qarşı hərbi əməliyyatları dayandırmaq üçün İranla pərdə arxasında danışıqlar aparır. Həmin danışıqların konkret olaraq harada keçirildiyi barədə məlumat verilmir. Lakin dünən İranın XİN başçısı Abbas Ərqçının Səduiyyə vəliəhdi Məhəmməd ibni-Salmanla görüşməsi bu şübhələri daha da artırıb. Çünki İbni-Salman ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən hesab olunur.
“Wall Street Journal” qəzeti isə yazır ki, ABŞ İsrailin İranın 1 oktyabr raket hücumuna necə cavab verməyi planlaşdırdığını hələ öyrənə bilməyib. “İsrail Amerika administrasiyasına cavab planlarının təfərrüatlarını deməkdən imtina edir”.
Dünən isə İsrailin baş naziri Benyamin Netenyahi ilə ABŞ prezidenti Co Bayden arasında danışıqlar olub. Netenyahu danışıqlardan sonra bildirib ki, nəticələr müsbətdir və hər şey plan üzrə gedir.
İran isə bu əsnada “canı” ilə əlləşir. Bir tərəfdən iqtisadi problemlər məngənəsində boğulan molla rejimi, digər tərəfdən də əhalinin etirazlarının getdikcə daha da artdığının sıxıntılarını yaşayır. Dollar və avronun bahalaşmasını müvəqqəti tormuzlayan Tehran, özü də etiraf edir ki, bu uzunmüddətli strategiya deyil.
Amma İrandakı teokratik rejim dinc oturamaqdan da yanadır. Tribunainfo.az xəbər verir ki, dünən İran parlamentinin 39 deputatı ölkələrinin Nüvə Sazişindən çıxması təşəbbüsü ilə çıxış ediblər. Onlar tələb ediblər ki, bu məsələ Məclisdə müzakirə olunmaqlı və konkret qərar verilməlidir.
Hərçənd İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Alaəddin Brucerdi bu addımın başqa nəticələrə gətiruib çıxaracağına inanmır. O deyib ki, İran parlamenti Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağı ciddi şəkildə nəzərdən keçirir. Onun sözlərinə görə, məsələnin müzakirəsi heç də İranın nüvə silahı yaradacağı anlamına gəlmir.