ABŞ Dövlət Departamenti BƏƏ prezidentinin İqlim konfransında Dubayda Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya Federasiyası prezidenti Vladimir Putinin görüşünü təşkil etmək təşəbbüsünə cavab verib. DD qərarın Ukrayna prezidenti tərəfindən verilməli olduğunu hesab edir.
Tribunainfo.az “Avropa Həqiqəti”nə istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib:
“Biz açıq şəkildə bildirdik ki, Ukraynanın gələcəyini müəyyənləşdirməkdən söhbət gedəndə, ilk növbədə Kiyev qərar verir və bu, istənilən potensial danışıqlara aiddir”.
Onun sözlərinə görə, Ukrayna və Rusiya prezidentlərinin hər hansı görüşü ilə bağlı qərarı “prezident Zelenski qəbul etməlidir”.
O, həmçinin xatırladıb ki, “Zelenski çoxdan, o cümlədən bu (tammiqyaslı) müharibə başlamazdan əvvəl Moskvanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət edəcəyi Rusiya ilə danışıqlara açıq olduğunu aydın şəkildə bildirib”.
“Ona görə də, qoy o, nə vaxt hazır olacağı və ya nə vaxt bu cür söhbətlər aparacaqlarına qərar versin. Amma Putinin imperialist məqsədlərindən əl çəkməməsi, Ukraynanı real ölkə hesab etməməsi və qoşunlarını onun hüdudlarından kənara çəkməməsi həmişəlik maneə olaraq qalır”, – departamentdən deyilib.