ABŞ-nin sui-qəsd qurbanı olan prezidentləri

ABŞ-nin sui-qəsd qurbanı olan prezidentləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünən ABŞ-də prezidentliyə namizəd, həm də ölkənin sabiq başçısı Donald Trampa qarşı sui-qəsd həyata keçirilib. İddialar və suallar çox – araşdırmalar isə, hələ ki, kifayət qədər deyil…

Bəzi iddialar bu sui-qəsdin bir oyun olduğunu, bir qisim şəxslər isə reallığa söykəndiyini bildirir.

Hazırda dünya gündəmini silkələyən bu hadisə ilə bağlı artıq istintaq tədbirləri həyata keçirilir, dəlillər toplanır və cəmiyyət tərəfindən hadisənin arxasında olan “pərdələr”in açılması gözlənilir.

Həyata keçirilmiş bu hadisə isə bizi keçmişə səyahət etməyə sövq edən bir suala doğru aparır – ABŞ tarixində prezidentlər və prezidentliyə namizədlərə qarşı həyata keçirilən, “səssiz güllələr”in böyük “səs” saldığı sui-qəsd hadisələrinə…

Bakıvaxtı.az bu barədə araşdırma edib.

Qeyd edək ki, Trampa qədər ABŞ-yə rəhbərlik edənlərdən 5 nəfərə qarşı sui-qəsd həyata keçirilib. 4 başçı bu hadisələr nəticəsində həyatını itirib.

Onlardan birincisi ABŞ-nin 16-ci prezidenti Abraham Linkoln olub.

1865-ci ilin aprel axşamında Linkoln “Ford” Teatrına qədəm basanda onun ürəyində sülh və birliyə dair ümidlər var idi. Tamaşa zalında Con Vilkes adlı şəxsin hiyləgər planı isə bu ümidləri bir anda qırdı. Teatrın içində yüksələn səs-küy və insanların şok baxışları bir millətin liderinin son anlarına şahidlik etdi.

Ceyms Qarfild isə 20-ci prezident seçildiyi zaman ABŞ-nin gələcəyi üçün böyük planlar qurmuşdu. Lakin 1881-ci ilin yayında Çarlz Quiteaunun qatı niyyəti onun həyatına son qoydu. Bu ölüm yalnız bir insanın deyil, həm də bir çox ümidin qırılması demək idi.

Ölkənin 25-ci dövlət başçısı Villiam MakKinley, 1901-ci ildə Buffalonun Pan-Amerika sərgisində öz xalqıyla bir araya gəldiyi zaman qatil Leon Czolgoszun ona tuşladığı güllələr ABŞ xalqını dərin kədərə boğmaqla nəticələndi.

Bir az da yaxın keçmişə nəzər salaq…

22 noyabr 1963-cü ildə, günəşli Dallas səhərində, Con Kennedi həyat yoldaşı ilə birlikdə açıq avtomobildə xalqını salamlayırdı. Sevinc içində olan əhali prezidentlərini böyük coşqu ilə qarşılayırdı. Lakin “Dealey Plaza”ya çatdıqda, saat 12:30 radələrində Li Harvey Osvald adlı cinayətkarın atdığı güllələr xalqın sevimli başçısının ölümünə səbəb oldu. İlk güllə Kennedinin boğazını, ikinci isə başını yaraladı.

Kennedinin ölümü yalnız ABŞ üçün deyil, bütün dünya üçün böyük bir sarsıntı idi. Bu faciə, idealist və dinamik bir gələcəyin qəfil sona çatması ilə nəticələndi.

Sui-qəsdlər nəticəsində yeganə sağ qalan ABŞ rəhbəri isə Ronald Reyqan olub.

…30 mart 1981-ci il. Vaşinqton.

Ronald Reyqan “Hilton Otel”də çıxış etdikdən sonra avtomobilinə doğru gedərkən Con Hinkley tərəfindən güllələndi. İlk güllə onun qabırğasına tuşlanmışdı.Ölkənin 40-cı prezidenti sürətlə xəstəxanaya çatdırıldı.

Sui-qəsd cəhdi ABŞ xalqını şok etdi və Reyqanın həyatı üçün böyük təhlükə yaratdı. Lakin o, sağ qalaraq prezidentlik vəzifəsini davam etdirdi.

Bəs prezidentliyə namizədlərə qarşı bu tipli faktlar həyata keçirilibmi?

Tarixin lap əvvəlinə nəzər salaq.

ABŞ-ın keçmiş prezidenti Teodor Ruzvelt 1912-ci il oktyabrın 14-də ikinci seçki kampaniyası zamanı güllə hədəfi olub.

Həmçinin, ABŞ-nin keçmiş Baş Prokuroru və Demokratlar Partiyasından prezidentliyə namizəd Robert Kennedi 1968-ci ildə Kaliforniyada keçirilən praymerizlərdə qalib gəldiyi üçün çıxışından bir neçə dəqiqə sonra Los-Ancelesdə silahlı hücumda öldürülüb.

Con və Robert Kennedi qardaşları ölümləri ilə eyni taleni bölüşüblər.

1972-ci ildə silahlı hücumun hədəfi isə Alabama ştatının keçmiş qubernatoru və prezidentliyə namizəd Corc Uolles olub.

Uolles Merilend ştatında seçki kampaniyası zamanı hücum nəticəsində güllələnib və iflic olub.

Bu hadisə, onun liderlik əzmini sübut etdi. Prezident bu hadisədən sonra xalqının qarşısında daha güclü bir lider kimi durdu. Onun bu çətinliklərə qarşı iradəsi Amerika xalqı üçün ilham mənbəyinə çevrildi.

Bu tarixi sui-qəsd cəhdləri, ABŞ prezidentlərinin nə qədər böyük risk və təhlükə altında olduğunu göstərir. Abraham Linkolndan Donald Trampa qədər hər bir lider, öz dövrünün çətinlikləri və təhlükələri ilə üzləşdi.

Onların hekayələri liderliyin nə qədər ağır və qurban tələb edən bir missiya olduğunu göstərir.