ABŞ müttəfiqlərini “Huawei”telefonlarından imtinaya çağır

ABŞ müttəfiqlərini “Huawei”telefonlarından imtinaya çağır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti dünyadakı müttəfiqlərini Çinin “Huawei” telekommunikasiya şirkətinin avadanlıqlarından imtina etməyə çağırıb.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, rəsmi Vaşinqton Çin şirkətinin məxfi casusluqla məşğul olmasından şübhələnir.

Qəzetin məlumatına əsasən, Birləşmiş Ştatların nümayəndələri Almaniya, Yaponiya və İtaliyanın öndə gələn siyasətçiləri və iri şirkət rəhbərləriylə mövzu ilə bağlı müzakirələr aparırlar. Onlar Çin texnikasının kibertəhlükəsizliyə təhdid törətməsi barədə xəbərdarlıq edərək, həmin ölkələrin alternativ rabitə vasitələrinə yönəlməsi halında maliyyə yardım göstərəcəklərini bildirirlər.

Xəbərdə rəsmi Vaşinqtonun ABŞ-ın hərbi bazalarının yerləşdiyi ölkələrə xüsusi diqqət yetirdiyi vurğulanıb.

Ekspertlərin söylədiyinə görə, ABŞ-ın fəaliyyəti Çinlə aparılan ticarət müharibəsi çərçivəsində həyata keçirilir. Bundan başqa ABŞ Çinin telekommunikasiya şirkətlərindən sırf kəşfiyyat məqsədi ilə istifadə etməsindən şübhələnir.

Xatırladaq ki, bu ilin əvvələrində ABŞ Çinin başqa bir şirkəti “ZTE”-yə də eyni sanksiyaları tətbiq etmişdi. ABŞ xüsusi xidmət orqanları şirkətin ÇXR hökuməti ilə qaranlıq əlaqələrə malik olduğunu bildirmişdi.

Bu ilin aprel ayında isə ABŞ hökuməti “ZTE”-nin bütün məhsullarına 7 illik ixracat qadağası qoymuşdu.

Buna səbəb “ZTE” şirkətinin ABŞ-ın sanksiyalarına rəğmən İrana müxtəlif avadanlıqlar satması olub. ABŞ-ın Ticarət Nazirliyi hətta Çin şirkətindən öz işçilərinə töhmət verməyi, üstəlik 39 meneceri işdən qovmağı tələb edib.

İki ay sonra “ZTE” Donald Tramp administrasiyası ilə razılığa gəlib.

Şirkət buna görə 1 milyard dollar cərimə ödəməli olacaq. Üstəlik həmin cəriməyə görə 400 milyon dollarlıq girov qoyub.

Ağ Ev Çin şirkətindən yaxın aylarda rəhbərliyin dəyişdirilməsini də istəyib.