ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərini 6 noyabrda Vaşinqtonda keçiriləcək “Mərkəzi Asiya — ABŞ” sammitinə (“C5+1” formatında) dəvət edib.
Tribunainfo.az xəbər verir ki, bu formatda keçirilən sammit tarixdə ikinci olacaq.
Belə ki, birincisi 2023-cü ildə BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda, ABŞ Prezidenti Co Baydenin dövründə baş tutmuşdu.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev artıq Trampa “səmimi minnətdarlığını ifadə edən” məktub göndərib. Özbəkistan və Qırğızıstan liderləri Şavkat Mirziyoyev və Sadir Japarov da sammitdə iştiraklarını təsdiqləyiblər.
Qeyd edək ki, ABŞ-ın bu addımı birmənalı olaraq Rusiyaya qarşı atılmış addım hesab olunmalıdır. Çünki “divin canı şüşədə” olduğu kimi, Rusiya imperiyasının da taleyi məhz Orta Asiyada həll olunur. Belə ki, Qərbin bütün aparıcı analitikləri hesab edirlər ki, Rusiyanın Orta Asiyadakı vvarlığına son qoymaq Rusiya imperiyasını sıradan çıxarmaqdır.
Görünən odur ki, Tramp Orta Asiya dövlət başçılarını yanına çağıraraq, onlara bir çox zəmanətlər verməklə, həm də Rusiyanın qarşısında duruş gətirmələri üçün təminatlar təqdim edəcək. Ona görə ki, Orta Asiyada hakim olmaq təkcə Rusiya imperiyasını sıradan çıxarmaq deyil. Həm də Çinin qarşısını almaq üçün buferlərdən biridir. Əks halda, Çin yaxın bir neçə ildə Orta Asiyanı özünün maliyyəsindən tam asılı vəziyyətə gətirəcək.
Paralel olaraq, ABŞ Orta Dəhliz üzərində hökmüranlıq etmək üçün bu buferdən mütləq istifadə etməlidir. Bu gün atılan addımlar və sammitin keçirilməsi də buna hesablanıb.
Fərda Uğur










