backend

ABŞ-ın nüfuzlu yəhudi təşkilatı Azərbaycanı müzakirə ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerikanın ən nüfuzlu yəhudi təşkilatı – Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2017-ci il üçün siyasi konfransı keçirilir. 

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerikanın ən nüfuzlu yəhudi təşkilatı – Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2017-ci il üçün siyasi konfransı keçirilir.

Trend-in Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hər il keçirilən və cari ildə 19 min iştirakçını bir araya gətirən bu konfrans çərçivəsində 26 mart tarixində Azərbaycan və İsrail arasındakı tərəfdaşlıq münasibətlərinə həsr edilən “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” mövzusunda seminar təşkil olunub.

Artıq neçə illərdir AIPAC siyasi konfranslarında çıxış etmək üçün dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edilən seminarda əsas natiq qismində çıxış edib. 

Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının icraçı direktoru Mark Levinin moderatorluğu ilə keçən seminarda, həmçinin Hayfa Universitetinin professoru, hal-hazırda ABŞ-ın məşhur Corctaun universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şeyfer və Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Araşdırmaları proqramının direktoru Svante Kornel çıxış edib.

Qeyd etmək lazımdır ki, Amerikada olduqca nüfuzlu siyasi tədbir olan AIPAC konfranslarında başlıca olaraq ABŞ və İsraillə əlaqədar müzakirələr təşkil edilsə də Azərbaycanın dünyadakı roluna dair xüsusi tədbirin keçirilməsi artıq bir ənənəyə çevrilib və bu da bir daha ölkəmizin artan strateji əhəmiyyətindən xəbər verir. 

E.Süleymanov Azərbaycanda müsəlmanlar, yəhudilər və digər dini icma üzvlərinin əsrlərlə dostluq şəraitində yaşadığını qeyd edib. Səfir İsrailin Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu bildirib. İsrailin yüksək səviyyəli dövlət rəsmilərinin Azərbaycana tez-tez səfərlər etdiyini xatırladan səfir, sonuncu belə səfərin keçən ilin dekabr ayında Baş nazir Benjamin Netanyahu tərəfindən həyata keçirildiyini vurğulanıb və bu cür səfərlərin iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxardığını vurğulanıb.

Müsəlman şərqində ilk respublikanın 1918-ci ildə Azərbaycanda təsis edildiyini bildirən səfir, ölkəmizin proqressiv cəmiyyət olduğunu, müsəlman icmamızın öz dini ilə fəxr hissi duymaqla bərabər digər dini icma üzvlərinə də hörmətlə yanaşdığını qeyd edib.

E.Süleymanov Azərbaycan və ABŞ-ın enerji və terrorizmə qarşı mübarizə sahəsində yaxından əməkdaşlıq etdiyini bildirib və ABŞ-ın regionun enerji layihələrinə davamlı dəstəyinin çox vacib olduğunü qeyd edib. Səfir, həmçinin hazırkı mürəkkəb geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzun müddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bəyan edib.

Öz çıxışlarında Svante Kornel və Brenda Şeyfer Azərbaycanın tolerant və açıq cəmiyyət olduğunu bildimiş və ölkə rəhbərliyinin bu istiqamətdə olduqca vacib rolundan danışıblar. Ekspertlər Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və ölkədə 1 milyondan çox məcburi köçkünün olmasına baxmayaraq cəmiyyətin radikalizmdan imtina etdiyini və hökumətin əsas iqtisadi resursları inkişafa yönləndirdiyini qeyd edibər.

Martın 28-də yekunlaşması nəzərdə tutulan AIPAC konfransında ABŞ və dünyanın müxtəlif ölkələrindən nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, ABŞ Konqresinin çox sayda üzvlərinin, habelə bir sıra yüksək vəzifəli rəsmilərin iştirakı nəzərdə tutulur. Konfransda ABŞ vitse-prezidenti Mayk Pens, ABŞ-ın BMT yanında daimi nümayəndəsi, səfir Nikki Haley, ABŞ Nümayəndələr Palatasının spikeri Paul Rayn, ABŞ Senatında respublikaçı çoxluğun rəhbəri Miç Makkonel və demokrat azlığın rəhbəri Çak Şumer, ABŞ Nümayəndələr Palatasında respublikaçı çoxluğun rəhbəri Kevin Makkarti və demokrat azlığın rəhbəri Nensi Pelosi və bir çox yüksək vəzifəli senator və Nümayəndələr Palatasının üzvləri çıxış edəcəklər.