Barak Obamanın komandası Deval Patriki önə çəkməyə çalışır.
Barak Obamanın komandası Deval Patriki önə çəkməyə çalışır
2020-ci il prezident seçkilərinə hələ 3 il qalsa da, ABŞ-ın müxalifətdə olan Demokrat partiyası indidən hakim Respublika partiyasının qarşısına çıxa biləcək namizədlərin axtarışına başlayıb.
ABŞ-ın nüfuzlu Politico.com saytının verdiyi xəbərə görə, keçmiş prezident Barak Obama da artıq bu prosesə qoşulub.
Saytın verdiyi məlumata əsasən, Obama və onun yaxın ətrafı Massaçussets ştatının keçmiş qubernatoru Deval Patrikin namizədliyinin irəli sürülməsində maraqlıdırlar.
Deval Patrik də Barak Obama kimi afroamerikalıdır və hazırda “Bain Capital” şirkətində çalışır.
Xəbərdə D.Patrikin bu yaxınlarda Barak Obamanın əsas strateqi Devid Akselrodla görüşdüyü bildirilir. Akselrodun Deval Patrikə seçkilərdə qalib gəlmək üçün strateji plan hazırladığı da yazılıb. Barak Obama dövründə Ağ Evdə Siyasi departamentin direktoru olan Devid Simas Patriki 2020-ci il üçün ciddi şəkildə düşünməyə çağırıb.
Obamanın digər müşaviri, Valeri Carret isə növbəti prezidentin Deval Patrik olması üçün dua etdiyini bildirib: “Onun insanların ağlına və ürəyinə toxunmaq üçün hər cür qabiliyyəti var. Bizim ölkəmiz nəinki üç il sonra, hətta indidən buna hazırdır”.
Obamanın keçmiş köməkçilərindən birinin sayta bildirdiyinə görə, partiya içində hazırda iki namizədin, keçmiş vitse-prezident Co Bayden və Deval Patrikin namizədlik üçün adı keçir. Obama özü də ətraf çevrəsinə D.Patrikdən yana olduğunu bildirib.
Adı keçən siyasətçi özü isə hələ ki namizədliklə bağlı planlarına əmin olmadığını deyir. Lakin bununla bağlı çıxan xəbərləri istisna da etməyib: “Mən hər şeydən öncə vətənpərvərəm və hazırkı durumda ölkəmin vəziyyətindən narahatam. Bu səbəbdən, necə faydalı olacağını düşünməliyəm”.
Onu da qeyd edək ki, Deval Patrik Cənubi Çikaqoda anadan olub. Onun cazmen olan atası Lordin Patrik Deval 3 yaşındaykən ailəsini atıb. Anası Mey Patrik iki uşağını (bacısı Ronda ilə birlikdə-red.) təkbaşına böyütməli olub.
Uşaq vaxtı qeyri-adi istedada malik olması səbəbindən “A better Chance” adlı qeyri-hökumət təşkilatının istedadlı uşaqlar üçün ayırdığı təqaüdlə Massaçussets ştatında Milton akademiyasında təhsil alıb. Akademiyanı bitirdikdən sonra isə o, Harvardın “İngilis və amerika ədəbiyyatı” ixtisası üzrə kollecində oxuyub. 1979-1982-ci illərdə isə D.Patrik Harvard Hüquq məktəbini bitirib.
Deval Patrikin dövlət və siyasət karyerası 1994-cü ildən başlayır. Həmin il predizident Bill Klinton onu baş prokurorun mülki hüquqlar üzrə köməkçisi təyin edib. Burada o, irqi və cinsi ayrı-seçklik, insan alveri kim məsələlərlə məşğul olub. 2005-ci ildə isə Deval Patrik Demokrat partiyasından Massaçussets ştatının qubernatorluğuna namizədliyini elan edib. Demokrat partiyasının ilkin seçkilərində gözlənilmədən qalib gələn Patrik 2006-cı ildə respublikaçı rəqibi, ştatın leytenant-qubernatoru Kerri Hilin üzərində qələbə qazanaraq qubernator seçilib. 2010-cu ildə ştat əhalisi onu ikinci dəfə eyni vəzifəyə layiq görüb.