Amerikada çox güclü “dərin dövlət” var və ölkəni həmin güc idarə edir. ABŞ Prezidenti Donald Tramp Ədliyyə, FTB və Daxili Təhlükəsizlik Nazirliyinə FETÖ lideri Fətullah Gülənin Türkiyəyə qanuni olaraq qaytarılması yollarının araşdırılması ilə bağlı tapşırıq verib. Bu barədə Amerikanın nüfuzlu NBC televiziya kanalı məlumat yayıb. Məlumata görə, Tramp bu fikrə səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra baş vermiş hadisələr fonunda gəlib. Məsələ ilə bağlı Ağ Evdən və digər qurumlardan hər hansı bir açıqlama verilməyib. Məlumat üçün bildirək ki, rəsmi Ankara Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Fətullah Gülənin ölkəyə təhvil verilməsi üçün dəfələrlə ABŞ-a müraciət edib. Qarşı tərəf isə Türkiyənin çağırışlarına müsbət cavab verməyib. Deyilənə görə, Tramp Administrasiyası və Türkiyə tərəfi Gülənin Türkiyəyə ekstradisiyasının baş tutmayacağı təqdirdə, onun Cənubi Afrika Respublikasına göndərilməsi barədə danışıqlar da aparıblar.
Ehtimallarla bağlı “Şərq”ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, ABŞ rəhbəri Donald Trampın atacağı addımları müəyyən etmək çətindir. Professorun sözlərinə görə, Trampın hərəkətləri ilə rus siyasətçi Vladimir Jirinovskinin davranışları arasında bərabərlik işarəsi qoymaq olar:
“Tramp kifayət qədər qeyri-adekvat addımlar atır. Ancaq məsələ ondadır ki, Amerikada çox güclü “dərin dövlət” var və ölkəni həmin güc idarə edir. Tramp da, FETÖ lideri Fətullah Gülən də Türkiyəni çökdürmək üçün gizli oyun oynayırlar. Hadisələrin gedişi göstərir ki, Türkiyə ətrafında gedən oyunların məqsədi qardaş ölkəni zəiflətməkdir. Bu baxımdan Fətullah Gülənin Türkiyəyə verilməsi ehtimalı çox aşağıdır”. C.Nuriyev bildirib ki, Qaşıqçının bu işə qatışması növbəti senaridir: “Amerika üçün maraqlı olan Səudiyyə Ərəbistanının var-dövləti, sahib olduqları zənginliklərdir. ABŞ öz mənafeyinə uyğun hərəkət edir. Məlumdur ki, Ər-Riyada nəzarət edən güc Böyük Britaniyadır. Vaşinqtonun məqsədi bu nəzarəti ingilislərin əlindən almaqdır. Biznesmen Trampın az qala bütün siyasəti gəlir əldə etməyə yönəlib. ABŞ Fətullah Güləni Türkiyəyə verməyəcək, heç Amerikadan çıxarmayacaq. Çünki Gülən Vaşinqtonun əlində siyasi vasitədir. İnanmıram ki, Tramp bu cür vasitədən Amerikanı məhrum etsin”.