ABŞ hakimiyyəti Rusiya ilə Çin arasında münasibətlərin möhkəmlənməsindən narahat olduqlarına dair həyəcan təbili çalıb və Pekinə Moskvaya hərbi yardımın göstərilməsinin ÇXR üçün “ciddi nəticələr” verəcəyi barədə xəbərdarlıq edib.
Tribunainfo.az xəbər verir ki, ABŞ Dövlət Departamenti belə bir bəyanatla Çinin müdafiə naziri Li Şanfunun Rusiya və Belarusa səfəri fonunda çıxış edib.
“Biz Çin və Rusiya arasında davam edən yaxınlaşmadan narahatıq. Biz buna çox diqqət yetiririk”, – ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.
Onun sözlərinə görə, Vaşinqton Pekinə dəfələrlə xəbərdarlıq edib ki, əgər o, Rusiyaya hərbi yardım göstərsə və ona “sanksiyalardan sistemli şəkildə yan keçməyə” kömək etsə, Çin “ciddi nəticələrlə” üzləşəcək.
Qeyd edək ki, avqustun 16-da Çin Müdafiə Nazirliyinin rəhbəri Minskə gəlib, bundan əvvəl XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edib, “Ordu-2023” forumunda iştirak edib və nazirlə bu ilin üçüncü görüşünü keçirib.