ABŞ-da defolt ehtimalı: Azərbaycanı nə gözləyir? – Açıqlamabackend

ABŞ-da defolt ehtimalı: Azərbaycanı nə gözləyir? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-da defolt olacağı ilə bağlı xəbərlər gündəmdədir.
Maliyyə naziri Canet Yellen də ölkənin iyunun 1-də defolt ola biləcəyini təsdiqləyib.
Bəs, ABŞ defolt edərsə, dünya iqtisadiyyatını nə gözləyir? Bunun Azərbaycana hansı təsirləri olacaq?

Tribunainfo.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, bu, iqtisadi məsələ olmaqda daha çox siyasi xarakter daşıyır:

“ABŞ-da defolt texniki məsələdir, zaman-zaman gündəmə gəlir. Axrıncı dəfə Obamanın prezident olduğu son ildə defolt baş verib. O zaman 2 həftəlik qeyri-müəyyənlik yarandı. Sonradan borc səviyyəsi yüksəldilərək normala geri dönüldü. Hazırda defolt məsələsi ABŞ-da daxili siyasətdə əsas çəkişməyə çevrilib. Respublikaçılar və demokratlar 2024-cü il seçkilərini nəzərdə tutaraq,mübarizəni aparırlar. Amerika parlamentində respublikaçıların üstünlüyü var. Parlamentin spikeri də respublikaçıdır. Onlar demokratlardan üstün olduqlarını bildirir, qarşı tərəfin müəyən güzəştlərə getməsini istəyirlər. Müvəqqəti də olsa, defolt olacağı təqdirdə demokratların səs və nüfuz itirəcəyini düşünürlər”.
Ekspert bu hadisənin Azərbaycana təsiri barədə də danışıb:
“Belə defolt hadisələri daha çox dünya birjalarına, milli valyutalara təsir göstərir. Azərbaycan dünya bazarının bir parçası olsa da, burada bazar iqtisadiyyatı insitutları, birja yoxdur. Milli valyutalar da inzibati yolla tənzimlənir, qiyməti birjada müəyyənləşdirilmir. Ona görə də ciddi bir təsir olmayacaq. Lakin təsirlər bununla kifayətlənmir. Amerikanın defolt etməsi xüsusilə neft qiymətlərinə də təsir göstərəcək. Azərbaycan gəlirlərinin əksəriyyəti, ixracatının 90 faizi neft məhsulları və təbii qaza bağlıdır. Onların qiymətinin düşməsi valyuta və ümumi gəlirlərin azalması fonunda müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər”.
N.Cəfərlinin sözlərinə görə, ABŞ-da istənilən halda razılaşma əldə ediləcək:
“Mən defoltun baş verəcəyini düşünmürəm. İyunun 1-nə artıq 8 gün qalıb. O vaxta qədər anlaşmanın olması ehtimalı da var. Olmasa da, bu defoltdan, ümumi silkələnmədən sonra razılığa gələcəklər. Çünki ABŞ-ın texniki defolt etməsi belə dünya iqtisadiyyatında zəlzələ effekti yarada bilər. Bu ölkə dünya iqtisadiyyatının 20-25 faizini təşkil edir. Eyni zamanda, dünya borc kağızlarının əksəriyyəti Amerikanın uzunmüddətli və qısamüddətli borc kağızlarıdır. Onların ödənişləri dayanarsa, dünyada ciddi böhran yaranması və dərinləşməsi müşahidə oluncaq. Ona görə də tərəflər istənilən halda anlaşacaqlar. Bu iyunun 1-nə qədər də, 2-3 həftə sonra da ola bilər”.