ABŞ arzusu çin olanlar – Azərbaycanda “Greencard”a maraq niyə ilbəil artır?backend

ABŞ arzusu çin olanlar – Azərbaycanda “Greencard”a maraq niyə ilbəil artır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Psixoloq: “4-5 nəfər tanıyıram ki, ”Greencard” qazanıb, amma getməyib”

ABŞ-da yaşamaq hüququ verən “Greencard”ın nəticələri açıqlanıb. Qeyd edək ki, “Greencard” üçün hər il oktyabr-noyabr ayında müraciətlər qəbul edilir, növbəti ilin may ayında nəticələr açıqlanır.  Milyonlarla insanın müraciət etdiyi lotereyada ancaq 55 min insan qalib gəlir.

“Greencard”ın Azərbaycan təmsilçiliyinin rəsmi internet saytında bildirilib ki,  qalib olmuş şəxslərin hamısına məlumat 25 maya kimi zəng edib bildiriləcək. Müştərilərin məlumatlarının məxfiliyi və məlumatlardan sui-istifadə hallarının baş verməməsi üçün qaliblərin adları açıqlanmayacaq. Bu barədə məlumat yalnız qalib olmuş şəxslərin özlərinə veriləcək. “Hər il cavablar elan edilən ərəfədə, qəbul etdiyimiz emaillərin və zənglərin sayı normadan çox olur və fiziki olaraq hər kəsə vaxtında cavab vermək iqtidarında ola bilmirik. Ona görə də xahiş edirik hər kəsin cavablarını yoxlayıb bitirənə kimi səbirli olasınız. Cavabları öyrənmək üçün nə zəng etməyinizə, nə də ki, email yazmağınıza ehtiyac yoxdur. Qalib olsanız, sizə zəng edib məlumat verəcəyik və növbəti addımlar barədə bütün təlimatları əldə edəcəksiniz. Əgər 25 maya kimi sizə zəng etməsək, təəssüf ki, bu il qalib olmamısınız. Qalib olmasanız, sentyabr ayının sonuna qədər şirkətimizdən sizə zəng gələcək və növbəti ilin proqramında iştirak etmək üçün yenilənmiş məlumatlarınızı və yeni şəklinizi istəyəcəyik”, – deyə məlumatda bildirilir.

Azərbaycanlı aktyor Səfa Mehdi qalib gələnlər sırasında olub. O, şəxsi hesabında paylaşım edərək qalib gəldiyini elan edib və ABŞ-a gedəcəyini bildirib: “”Greencard” cavabları çıxdı. Bizə də yol görsəndi, əziz izləyicilər. Hər şey üçün təşəkkür edirəm, artıq bu ölkəyə məni bağlayacaq bir şey qalmadı. Əlvida, dostlar”, – deyə aktyor paylaşımında yazıb.

Bundan əvvəl tanınmış müğənni Elariz Məmmədoğlu, reper Elmir Məhərrəmov “Greencard” udaraq, ABŞ-a köçüblər.

Qeyd edək ki, bu vəsiqə ilə (Azərbaycan vətəndaşlığını itirmədən) Amerikada istədiyiniz qədər qanuni şəkildə yaşaya və işləyə bilərsiniz. “Greencard” sahibləri ABŞ vətəndaşları ilə eyni hüquqlara sahib olurlar. “Greencard”ınızın aktiv qalması üçün il ərzində toplam 180 gün mütləq ABŞ-da yaşamalısınız. Əgər uzun müddət ABŞ-a gələ bilməyəcəksinizsə (məsələn, işinizlə, təhsilinizlə və ya başqa işlərinizlə bağlı), ABŞ-da miqrasiya idarəsinə ərizə yazıb 2 ilə kimi ABŞ-a girməyə bilərsiniz. Ərizə yazıb uzun müddət ABŞ-a giriş etməsəniz belə “Greencard”ınız etibarlı qalacaq.

“Greencard” proqramında iştirak etmək üçün ingilis dilini bilmək tələb olunmur. Yəni ingilis dilini bilmədən vizanı ala bilərsiniz və Amerikaya gedə bilərsiniz. Lakin orada işləmək və ya oxumaq üçün təbii ki, ingilis dilini bilmək tələb olunacaq. “Greencard” qazandıqdan sonra ABŞ-a getmək üçün təxminən bir il vaxtınız olur və həmin müddət ərzində ingilis dili biliyinizi təkmilləşdirə biləcəksiniz. Qısaca, ingilis dilini bilmədən müraciət edə bilərsiniz və qalib də ola bilərsiniz. Qalib olduqdan sonra, ABŞ-a getməzdən qabaq ingilis dilini öyrənə bilərsiniz.

“Greencard”ın qalibi yalnız özü öz uduşundan istifadə edib ABŞ-a gedə bilər. Evli olduğu halda avtomatik həyat yoldaşı və 21 yaşına kimi subay uşaqları da “Greencard” qalibi sayılırlar. “Greencard” qalibi qalib olduğu gündən etibarən 1 il içində evlənərsə, evləndiyi şəxs də “Greencard” qalibi sayılır. “Greencard” qalibinin valideynləri və bacı-qardaşları qalib sayılmırlar. Bu insanlar qalib olmuş şəxsin yanına başqa vizalarla gedib-gələ bilərlər. Məsələn, turist, tələbə, iş vizası və s.

“Greencard” qaliblərinin hüquqları ABŞ vətəndaşlarınin hüquqları ilə eyni olur, ona görə də “Greencard” sahibləri istənilən işdə işləyə bilərlər (xüsusi dövlət təhlükəsizlik orqanları xaric) və ya istənilən sahə üzrə öz bizneslərini qura bilərlər. Qısa olaraq desək, kim hansı işi bacarırsa, o işlə məşğul ola bilər. Yəni “Greencard” sahibi tutaq ki, azərbaycanlıdır. O şəxsin Azərbaycanda necə ki, istənilən sahədə işləməsinə icazə var, eyni qaydada ABŞ-da da istənilən sahədə işləyə bilər. Əlbəttə ki, ABŞ-da daha yaxşı iş tapmaqda ingilis dili biliyi rol oynayır. Ona görə də bütün “Greencard” qaliblərinə tövsiyə olunur ki, ABŞ-a gedənə qədər ingilis dilini maksimum dərəcədə mükəmməl öyrənsinlər.

Bəzi xüsusi peşə sahiblərinin (məsələn, tibb işçiləri və s.) ABŞ standartlarına cavab vermələri lazım olur. Ona görə də ABŞ standartlarına cavab vermək üçün həmin sahə üzrə bir neçə ay və ya il xüsusi təlimlərə, kurslara getmək lazım olur. Adətən bu tipli kursların rüsumlarını dövlət qarşılayır və ya kredit şəklində verir.

Maaşlara gəldikdə isə ən sadə işlərdə aylıq 2-3 min dollardan başlayır. Bir müddət işlədikdən sonra ortalama 4-5 min dollar qazanmaq mümkündür. Bu günə qədər heç bir “Greencard” qalibinin işsiz və ya pulsuz qalması faktı ilə rastlaşılmayıb.

Azərbaycanda “Greencard”a maraq niyə hər il daha da artır?

Əhməd Qəşəmoğlu: “Nazirlərimiz sadə hərəkətləri ilə deyil, tapşırılmış  işləri görməklə məşhurlaşsınlar...” Pravda.az

Əhməd Qəşəmoğlu 

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “Azərbaycan xalqı  çox qabiliyyətlidir. Hər kəs istəyir ki, öz potensialını, qabiliyyətini  daha yaxşı şəraitdə göstərə bilsin, potensialını daha da artırsın.

Təəssüf ki, ölkəmizdə bu potensialı açmaq üçün əhatəli, lazım olan qədər imkanlar yoxdur. Əksinə, buna mane olan amillər çoxdur və bunun da subyektiv və təbii amilləri var”.

Sosioloq ABŞ-a köçənlər arasında xeyli uğur qazananlar  olduğunu deyib: “Xeyli insan özünə biznes, yaxşı şərait qura bilib. Hansı ki, onlar şəxsi həyatlarında da uğur qazanırlar. İnsanlar da tanıdıqlarından, mətbuatdan və yaxud internet şəbəkələrindən bu haqda məlumat alır və onlar da ABŞ-a köçməyə maraq göstərirlər. Həmçinin insanlar ABŞ-ı nisbətən daha təhlükəsiz yer hesab edirlər.

Beləliklə, bu məsələdə iki amil mühüm rol oynayır:

Ölkədə insanların potensialını açmağa lazımi şəraitin olmaması;

ABŞ-a gedən insanlarımızın uğur hekayələri”.

Əhməd Qəşəmoğlu həmçinin qeyd edib ki, ABŞ-a və yaxud Avropa ölkələrinə gedib, uğur qazanmayanlar da az deyil və bu barədə insanları maarifləndirməyə ehtiyac var: “Hesab edirəm ki,  “Greencard”ı ideallaşdırmaq lazım deyil. ABŞ-a gedib uğur qazanmayanlar da var. Bir çox insanlarda, xüsusən də gənclərdə belə bir illüziya var ki, ABŞ-a gedərlərsə, mütləq şəkildə, hökmən uğur qazanacaq və sairə. Amma əlbəttə ki, belə deyil. “Greencard”ın insanların boynuna qoyduğu öhdəliklər var, onlar barədə insanları maarifləndirmək lazımdır. Yəni bilməlidirlər ki, “Greencard” yalnız  qayğı ilə əhatələnmir,  həm də onun insanlar üzərinə qoyduğu bir borc, öhdəlik, məsuliyyət də var. Heç də hər kəs ölkədən gedəndən sonra uğur qazana bilmir. Məsələn, Almaniyada bir azərbaycanlıya rast gəlmişdim. O, zamanında ölkədə çox istedadlı rəssam olub, lakin Almaniyaya gedəndən sonra o qədər ağır vəziyyətə düşmüşdü ki, yatmağa yeri də yox idi, gecələr kilsədə yatırdı və məcbur olub kilsənin qoyduğu tələblərə uyğun olaraq davranırdı. Həmin şəxs əgər Azərbaycanda qalıb istedadlı rəssam olacaqdısa, Almaniyada azərbaycanlı və türklərin evlərində malyar işləri görürdü. Yəni belələri də var.

Ölkədən gedənlərin həm də müəyyən qədər vətənpərvərlik hissinə  də diqqət etməliyik. Çünki gənclərimiz arasında ölkədən, vətəndən inciyib, ölkəni tərk edənlər də var. Müəyyən şəbəkələr dərhal onları ələ alıb, ölkəmizin əleyhinə istifadə edə bilir və təəssüf ki, bu cür faktlar var. Buna görə də hesab edirəm ki, gedənlərlə bağlı nəsə düşünmək lazımdır. Məsələn, getməzdən əvvəl onlara kurslar keçib, tariximiz, həqiqətlərimiz haqqında ətraflı məlumatlar verilə bilər.  Belə olan halda diasporalarımız da güclənər, ölkəmiz yaxşı təmsil olunar.

İnsanlarımızın ABŞ-a, Kanadaya, Avropaya getməsində müsbət tərəflər də çoxdur. Qloballaşmanın sürətlə getdiyi indiki vaxtda ehtiyacımız  var ki, hər bir ölkədə ağıllı, vətənini sevən  və vətənimiz haqqında məlumat verən insanlarımız olsun”.

AbzasMedia - Azad İsazadə: 'Ordunun qələbəsi cəmiyyətdə müsbət emosiya  yaradır'

 Azad İsazadə

Psixoloq Azad İsazadə qeyd etdi ki, ABŞ-a maraq hər zaman olub: “Bu maraq SSR vaxtı  da, digər zamanlarda da olub. Sadəcə, həmin vaxtlar ABŞ-a getmək imkanı olmayıb. Amma bu gün ABŞ əlçatandır və bütün dünyada bir işıq yeri kimi görünür. Hamı fikirləşir ki, orada inkişaf daha çoxdur, həyat, təminat daha yaxşıdır. Lakin gedib qayıdanlardan fərqli fikirlər eşitmişik, bəzisi deyir ki, ABŞ-da həyat pisdir, bəzisi  isə bu ölkənin fantastik olduğunu və ora köçmək istədiyini deyir. Yəni təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də belədir. Ola bilsin ki, ABŞ-a olan maraq həm də ondan qaynaqlanır ki, orada millət problemi yoxdur, azadlıq daha çoxdur, hər ştatın öz qanunları var, kimisi Nyu-Yorku, kimisi Orta Amerikanı sevir və sairə.  O ki qaldı marağın artmasına, mənim də qohum-əqrəbalarımdan, tanışlardan, qonşu məhəllədə kimlərsə bu kartı udub. Təbii ki, “Greencard” udanlar haqqında eşitdikdə, digərləri də buna maraq göstərir və  müraciət edənlərin sayı artır. Lakin mən minimum 4-5 nəfər tanıyıram ki, “Greencard” udub, amma getməyib, ola bilsin ki, müəyyən müddətdən sonra gedəcək. Yəni sanki lotereyanı udub, qoyub cibinə, amma hələ istifadə etmək istəmir. Bu, normal bir haldır, hər bir insan özü üçün daha yaxşı yer axtarır. Nənələrimiz, babalarımız vaxtilə kənddən Bakıya köçməyə maraqlı idi. Bütün rayonlardan camaat Bakıya axın edirdi, əks tərəfdən də axın o qədər də çox deyildi. SSR vaxtı da kimsə  çalışırdı ki, Bakıdan Moskvaya köçsün. Moskvadan Bakıya köçənlərin sayı isə çox az idi. İndi isə insanlar ABŞ-a maraq göstərir”.

Azad İsazadə qeyd edib ki, ABŞ-a və yaxud digər ölkəyə köçmək istəyənlər ilk növbədə bu yeniliyə psixoloji olaraq hazır olmalıdır: “Bu, mütləqdir. Çox zaman insanlar psixoloji buna hazır olmur, nəticədə ciddi psixoloji problemlər, depressiya yaşayır. Bununla bağlı onlayn olaraq mənə və kollegiyalarıma müraciət edənlər var. Çalışırıq ki, insanları depressiyadan çıxardaq, fobiyaları  aradan qaldıraq.  Bununla bağlı psixoloji çətinliyin yaranmasına səbəb isə yeni cəmiyyət, yeni insanlar, qohum-əqrəbanın, tanışların yanında olmaması, bəzi fərqli adət-ənənələr, dil, mentalitet və sairədir.  Söhbət təkcə ABŞ-dan getmir, Avropada da bu cürdür.  Əgər insanlar bütün bunlara hazır deyilsə, doğrudan da ciddi psixoloji problemlə qarşılaşır və məcbur olub psixoloqlara müraciət edirlər. Onların azərbaycanlı psixoloqlara müraciət etməsinin səbəbi isə budur ki, öz ana dilində problemlərinin daha rahat şəkildə izah edir və cavab ala bilirlər”.