İndi Amerika öz düşmənləri üçün yox, müttəfiqləri üçün problemə çevrilib.
Donald Trampın andiçməsindən cəmi yeddi ay keçib. Ancaq bu müddət onun ABŞ-ın beynəlxalq nüfuzunu tamamilə sarsıtması üçün kifayət edib. “Amerikanı Yenidən Böyük Edək” şüarı altında Tramp ölkəsini getdikcə daha az hörmət edilən beynəlxalq lağ obyektinə çevirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə nüfuzlu amerikalı nəşr The Atlantic yazır.
“Rusiya, Çin və Şimali Koreya liderləri – qəddar avtokratlardır. Onların ölkələri gizli polis və həbs düşərgələri ilə doludur. Amma onlar ciddi fiqurlardır və qarşılarında qeyri-ciddi adam görəndə bunu anlamağı bacarırlar. Təxminən on il ərzində onlar Donald Trampı qiymətləndiriblər və açıq nəticəyə gəliblər: ABŞ prezidenti onların hörmətinə layiq deyil”, – məqalədə bildirilir.
Ən diqqətçəkən məqamlardan biri də yaxın günlərdə Pekində keçirilən və Yaponiyanın İkinci Dünya müharibəsində kapitulyasiyasının 80 illiyinə həsr olunan “diktatorlar sammiti” olub. Bu tədbirə hətta Lukaşenko – Putinin Belarusdakı kuklası dəvət edilib. Amma ABŞ prezidenti çağırılmayıb. Halbuki Yaponiya imperiyasının darmadağın edilməsində əsas rolu məhz ABŞ oynamışdı. Çin kommunistləri isə indi bu qələbəni öz hesablarına yazırlar.
The Atlantic həmçinin Alyaskada keçirilən sammiti də xatırladır. Həmin görüş ABŞ üçün diplomatik biabırçılıqla nəticələnmişdi. Pekində isə Putin, Si və Kim hərbi güc nümayiş etdirən Çin fonunda birlik mesajı verirdilər.
Nəşrə görə, Trampın xarici siyasətinin parlaq nümunələrindən biri Hindistanla Çin arasında münasibətlərin istiləşməsidir. Halbuki onlar illərin əzəli rəqibləri idi. Lakin “amerikalı xuliqan”ın sərt ticarət tarifləri sayəsində iki ölkə yaxınlaşmaq məcburiyyətində qalıb.
İmran Kərimli