2023‑cü il üzrə doğumu qeydə alınmış 112620 nəfərdən 59814‑ı oğlan, 52806‑sı isə qızdır.
Tribunainfo.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Cinslər arasındakı fərq 7008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. 2022‐ci il üzrə doğumu qeydə alınmış 122846 nəfərdən 64940‐ı oğlan, 57906‐sı isə qızdır. Cinslər arasındakı fərq 7034 nəfər olub. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edib. 2022‑ci illə müqayisədə 2023‑cü ildə cinslər arasındakı fərq azalıb, 7034‑ dən 7008‑ə düşüb.
Qeyd edilib ki, dünyada ən aktual problemlərdən olan abortlara münasibət müxtəlifdir. Bir qrup insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortun tibbi və psixoloji cəhətdən zərərli olduğunu bildirirlər. Ölkəmizdə də abortlar problem olaraq qalmaqdadır. Statistika göstərir ki, abortların sayı 2021‑ci ildə 46877, 2022‑ci ildə 57999, 2023‑cü ildə isə 73816 olub. 15‑49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub.