Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanları keçirilib.
DİM həmin gün imtahana girərkən bir iştirakçının öz mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərdiyinə dair video yayımlayıb.
Videodan aydın olur ki, imtahan iştirakçısı mobil telefonunu çox səliqəli şəkildə ayaqqabısının altında gizlədib. Buna baxmayaraq, imtahan zalına daxil olarkən, aparılan yoxlama zamanı onun bu “fənd”i işə yaramayıb.
“İstər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər”, – DİM-in bununla bağlı məlumatında vurğulanıb.