Abel Məhərrəmovla Qarabağ qazisi arasındakı qalmaqalla bağlı yeni təfərrüatlarbackend

Abel Məhərrəmovla Qarabağ qazisi arasındakı qalmaqalla bağlı yeni təfərrüatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adı hallanan torpaq qalmaqalı ilə bağlı apellyasiya mərhələsi yekunlaşıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Abel Məhərrəmovu ona məxsus torpaq sahəsini ələ keçirməkdə ittiham edən Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun apellyasiya şikayəti təmin olunmayıb.
Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim Fuad Məmmədov Xızı Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.  Proses zamanı məlum olub ki, iyun ayının əvvəllərində Abel Məhərrəmov Nazim Əmirovla görüşüb. Görüş “Monoliza” restoranında baş tutub. Məlumat üçün deyək ki, bu restoranın Abel Məhərrəmova məxsus olduğu bildirilir.
Görüşdə keçmiş rektor məsələsinin məhkəmə yolu ilə həll edilməsində maraqlı olmadığını deyib. Abel Məhərrəmov Nazim Əmirovu əmin edib ki, problem yoluna qoyulacaq. Bütün bunları polkovnik-leytenantın özü hakimin diqqətinə çatdırıb.
Nazim Əmirov bildirib ki, o keçmiş rektora ya zəbt etdiyi 31 sot torpaq sahəsini geri qaytarmağı, ya da əvəzində pul verməyi təklif edib. Abel Məhərrəmov isə problemin həll ediləcəyini bildirib.
Nazim Əmirov əldə etdiyimiz məlumatları təsdiqləyib. O, həmçinin əlavə edib ki, hüquqi mübarizəsini davam etdirməkdə israrlıdır və Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşır.
Qarabağ qazisi ilə keçmiş rektor arasında qalmaqalın təfərrüfatlarına gəlincə, Nazim Əmirov 2011-ci ildə Xızının Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir.
Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.
Bundan sonra polkovnik-leytenant məhkəməyə müraciət edib.