Abşeron İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev özünün “sevimli şirkəti”nə daha bir tender həvalə edib. Tribunbainfo.az xəbər verir ki, İcra Hakimiyyəti rayonda abadlıq işlərinin həyata keçirilməsini yenə “PROQRESS İNŞAAT EN” MMC-yə tapşırıb.
1.803.006,02 manatlıq tenderlə bağlı tərəflər arasında müqavilə imzalanıb.
Açıq mənbələrdən belə bəlli olur ki, Abşeron İcra Hakimiyyəti “Proqress İnşaat EN” şirkəti ilə çoxdanın “dostu”durlar. Belə ki, Xırdalan icra nümayəndəliyinin ötən ay yolların təmiri ilə bağlı keçirdiyi tenderin də qalibi “Proqress İnşaat En” şirkəti olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 478 634,87 manatdır.
Sentyabr ayında isə “Proqress İnşaat En” şirkəti icra nümayəndəliyinin iki tenderinin də qalibi seçilib. Tenderlərdən biri Xırdalan şəhərində küçə işıqlarının, digəri isə Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması ilə bağlı keçirilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri 213 664,69 manat və 627 583 manatdır.
Beləliklə, “Proqres İnşaat En” şirkəti sentyabr-noyabr aylarında toplam maliyyə dəyəri 4 122 888,58 manatlıq 4 tenderin qalibi seçilib.
Bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.
Açıq mənbələrdə Şirinov Eldar Bəhlul oğlu Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir.