“Millət vəkili Mübariz Qurbanlı belə bir təklif irəli sürüb ki, həyat yoldaşını işləməyə qoymayan kişinin əmək haqqının bir hissəsinin qadının pensiya fonduna keçirilsin. İndi media bu fikirləri aydınlaşdırmaq istəyir. Mərkəzi icra hakimiyyəti orqanına 10 il rəhbərlik etdiyi dövrü çıxmaqla, 1995-ci ildən Milli Məclis üzvü olan savadlı bir şəxsin bu fikirləri ilə bağlı mənim özümdə də suallar yaranıb. Dövlət Sosial Müdafiə Fondu kişinin həyat yoldaşını işləməməyə qoymamasını necə müəyyən edəcək? Rəsmi statsitikaya inasaq, Azərbaycanda əmək qabiliyyəti yaşında olan iqtisadi qeyri-fəal əhali ümumi işləyənlərin 23 faizini təşkil edir. Bunlarında çoxu qadınlardır. İndi Dövlət Sosial Müdafiə Fondu hansı kriteriya ilə müəyyən edəcək ki, qadın əri icazə vermədiyi üçün işləyə bilməyib? Yaxud qadın sadəcə, könüllü olaraq evdar qadın olub? Yaxud yaşadığı ərazidə müvafiq iş olmayıb və o da yaxın ərazidə işin olmadığına əmin olduğu üçüb heç məşğulluq orqanlarında qeydiyyata da durmayıb. Firimcə, bir yol qalır. Gərək qadın məhkəmə qaydasında idda qaldırsın ki, ərim məni işləməyə qoymur. Ərini məhkəməyə verə bilən qadın məncə, onun “işləmə” qadağasını da ləğv edə bilər”.
Bunu Bakupost.az -a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov deyib.
O bildirib ki, xanımın tələbi həyat yoldaşının gələcəkdə əmək pensiyası almasına da mənfi təsir edə bilər:
“Digər problem, hətta qadın məhkəmə yolu ilə sübut etsə ki, onu işləməyə əri qoymayıb və bu halda kişinin yığım kapitalı iki hissəyə bölünsə, onda hər ikisində yığım kapitalı əmək pensiyası yaşına qədər minimum həddə (bu ildən 46080 manatdır) çatmayacaq. Bu halda əgər sığorta stajı da 25 ildən az olacaqsa, hər ikisi əmək pensiyası hüququndan məhrum olacaq. Həm də onsuz da əmək pensiyası yığıma əsaslanır. Onu iki yerə böləndə nəticədə eyni məbləğ alınır və evə gələn pensiya istənilən hada eyni məbləğdə olur. Bu halda onun ikiyə bölünməsinin mənası nədir? Yığım kapitalı bölünürsə, sığorta stajı da bölünməlidir. Bu necə baş verə bilər? Bu hal olsa, əmin olun ki, 95 faiz halda heç biri əmək pensiyası ala bilməyəcək. “Əmək pensiyaları haqqında” Qanuna görə, ər (arvad) vəfat etdikdə arvadın (ərin) əmək pensiyası hüququ yaranarsa, ərinin (arvadının) əmək pensiyasını ala bilər. Yəni tutaq ki, ər əmək pensiyası yaşına çatıb və ya çatmamış vəfat edib, amma onun kifayət qədər yığım kapitalı var. Bu halda arvad (əksi də ola bilər) əmək pensiyası yaşına çatanda əgər onun əmək pensiyası ərinin əmək pensiyasından azdırsa, o zaman ərinə aid əmək pensiyasını ala bilər”.
Ekspert hesab edir ki, nikahın pozulması halında da problemlər qaçılmaz olacaq:
“Boşanma halında necə olacaq? Evlilikdən dərhal sonra kişi arvadına işləmək qadağası qoyub, amma xanım da etiraz etməyib. Amma evliliklərindən 20 il keçəndən sonra birdən qərara gəlib ki, kişini məhkəməyə versin. Bu halda məsələ necə həll olunacaq?”.