18 il SSRİ-yə rəhbərlik edən Leonid Brejnevin maşın və sürət həvəskarı olmağı haqqında çox yazılıb. Hətta xarici ölkələrin kütləvi informasiya vasitələri də bu mövzunu “həvəslə” işıqlandırıblar. Həmçinin baş katibin böyük avtomobil kolleksiyası olduğu da hamıya məlum olub.
Brejnevin avtomobillərinin sayı ayrı-ayrı mənbələrdə fərqli göstərilib. Bununla bağlı əsas faktlardan biri odur ki, Brejnev vəfat etdikdən sonra ona məxsus olan 49 avtomobil ailəsindən alınıb. Atasına bu cür münasibətdən qəzəblənən qızı Qalina Brejneva isə “Vnukovo” hava limanında sərxoş vəziyyətdə xarici jurnalistlərə Brejnevə məxsus olan avtomobillər haqqında “maraqlı” açıqlama verib:
“Atama xəyanət edənlər onun yalnız 49 avtomobilini bizdən alıblar. Atamın kolleksiyasında isə 329 maşın var. O, arzulayırdı ki, kolleksiyadakı avtomobillərin sayı 365 olsun, yəni ilin hər gününə bir maşın…”
Maraqlıdır, görəsən 800 rubl maaş alan Brejnev bu maşınları necə əldə edib. Qeyd edək ki, Brejnev maaşdan əlavə “yazdığı” kitablarına görə də qonorar alıb. Bununla yanaşı baş katibə dövlət mükafatı kimi də mütəmadi olaraq pul verilib. Amma təbii ki, bu pullarla zəngin maşın kolleksiyasının sahibi olmaq mümkün deyil.
Brejnevin maşınlarının bir qismi xarici dövlət başçıları tərəfindən ona hədiyyə edilib. Brejnev bu məsələni böyük “ustalıqla” həll edib. Səfərdən öncə Brejnevin gedəcəyi ölkədəki SSRİ-nin səfirinə məsələni agah ediblər. O da öz növbəsində işlədiyi ölkənin rəhbərliyinə baş katibin avtomobil şakərini “diplomatik” peşəkarlıqla çatdırıb. Hətta belə səfərlərdə Brejnev çəkinmədən getdiyi ölkənin istehsal etdiyi avtomobillərin arasında özü seçim edib.
Məsələn, baş katib Almaniyada səfərdə olanda ona ikiqapılı idman stilli “Mercedes-Benz 500 SEL” avtomobili hədiyyə ediblər. Maşın tünd göy rəngdə olub. Brejnev maşına baxdıqdan sonra fikrini belə bildirib:
“Çox xoşuma gəldi bu avtomobil. Amma xahiş edirəm, mənə qırmızı rəngdə olanını verəsiniz. Qırmızı kommunistlərin rəngidir…”
Baş katibin xahişi dərhal yerinə yetirilib.
1972-ci ildə Riçard Nikson Moskvada səfərdə olanda Brejnev amerikalı həmkarının “Lincoln Continental” avtomobilini görəndə təəccübünü gizlədə bilməyib və üzünü Niksona tutaraq, “mənə də belə bir maşın hədiyyə edin”,- deyə ona müraciət edib. Nikson Brejnevin xahişini yerinə yetirib, 1973-cü ildə Brejnevə amerikalı bizmesmenlər tərəfindən “Lincoln Continental” hədiyyə olunub. Avtomobil kolleksiyasının içində bu maşın Brejevin ən xoşladığı avtomobillərdən biri olub.
Amerikalı sahibkar Armand Xammerin 1968-ci ildə Brejnevə bağışladığı “Rolls-Royce Silver Shadow” avtomobilindən isə dünyada cəmi 5 ədəd olub.
1971-ci ildə Brejnev danışıqlar zamanı Fransanın prezidenti Jorj Pompiduya ölkələrinin istehsal etdiyi “Citroën SM” avtomobili ilə bağlı bir neçə sual verib. Fransa prezidenti həmkarının ürəyindən nə keçdiyini anlayıb və onun suallarına konkret cavab verib:
“Biz sizə sizin üçün maraqlı görünən bu avtomobili hədiyyə edəcəyik. Siz onun sükanı arxasına keçəndə bütün suallarınıza cavab tapacaqsınız…”
Sovet istehsalı olan avtomobillərin birinci buraxılışı ilk olaraq Brejnevin “avtoparkına” sürülüb.
Brejnev özü öz maşınlarının sayını bilməyib. Köməkçilər və mühafizəçilər baş katibin hərəkət qrafikini əvvəlcədən nəzərə alaraq ona uyğun maşın ayırıblar, ov üçün ayrı, gəzinti və iş üçün isə ayrı maşınlar.
Mühafizəçilər üçün ən gərgin an Brejnevin sükan arxasına keçdiyi vaxt olub. Baş katib hələ müharibə illərindən sürət həvəskarı olub. O, hətta bir neçə dəfə xarici həmkarlarını maşında özü “gəzdirib”, Herri Kissindcer, Riçard Nikson kimi tanınmış siyasətçilər də Brejnevin sürət “adrenalini” dadıblar.
Xarici ölkələrdə səfərdə olarkən keçirilən görüşürlərdə Brejnev SSRİ-nin avtomobil sənayesi haqqında ağızdolusu danışıb. SSRİ-də isə o, bu sahənin mütəxəssislərini həmişə sərt tənqid edib. Müşavirələrin birində baş katib avtomobil zavodlarının direktorlarını öz bağ evinə dəvət edib, bildirib ki, əsl maşının nə olduğunu bilmək istəyirsinizsə, gəlin mənim maşınlarıma baxın.
Hədiyyələrlə yanaşı Brejnev öz şəxsi hesabına da maşınlar alıb. Həmin maşınlar xarici ölkələrdən gətirilib. Bu işlə birbaşa SSRİ daxili işlər naziri Nikolay Şelokov məşğul olub.
Bəli, Brejnev sürət həvəskarı olub, amma siyasətdəki sürəti 18 il ərzində zaman-zaman SSRİ-ni geriyə aparıb.
İlham Cəmiloğlu