Şirvan şəhərində 8 yaşlı 1-ci sinif şagirdi məktəbdən uzaqlaşdırılıb. Buna səbəb isə uşağın 1-ci sinfə 2 il gec sənəd verməsi olub.
Şirvan şəhərində 8 yaşlı 1-ci sinif şagirdi məktəbdən uzaqlaşdırılıb. Buna səbəb isə uşağın 1-ci sinfə 2 il gec sənəd verməsi olub.
Bu barədə BakuPost.az-a şagirdin ailəsi məlumat verib. Qarayeva Aytac Şahin qızının yaxınları bildirib ki, son bir neçə ildə ailədə baş verən bədbəxt hadisələr səbəbindən uşağın məktəbə yazdırılması da gecikib. Lakin bu il Aytacın sənədləri Şirvan şəhəri 4 saylı orta məktəbdə qeydiyyatdan keçirilib və o, sentyabrın 15-də digər uşaqlar kimi 1-ci sinfə yollanıb: “Direktor Gülmirzə Həsənov da Aytacın sinif rəhbəri ilə danışıb, ailəmizdə baş verən bədbəxt hadisə barədə müəlliməyə məlumat verib. Tapşırıb ki, uşağa diqqət göstərilsin. Təxminən 15 gün dərsə gedəndən sonra direktor bizi çağırdı, dedi ki, uşağınızı məktəbdən çıxarılıb. Çıxarma səbəbi kimi də qeyd etdi ki, Təhsil Nazirliyi 6 yaşını keçmiş uşaqların 1-ci sinfə qəbul edilməməsi barədə qərarı var. Nə qədər dil-ağız etdik, yenə də uşağı məktəbdən çıxardı. Alternativ olaraq təklif etdi ki, yanvar ayına kimi uşaq evdə otursun. Dedi ki, yanvarda gələrsiniz, mən aidiyyəti orqanlardan xahiş edərəm, Aytacı bəlkə məktəbə qəbul edərik. Amma biz bundan da əlimizi üzmüşük. Alınan şeyə oxşamır. Biz heç kimdən şikayət etmək istəmirik deyə Təhsil Şöbəsinə, Təhsil Nazirliyinə ərizə yazmamışıq. Amma uşağımızın da təhsilsiz böyüməsini istəmirik”.
Aytac Qarayevanın dərsə gec getməsinin səbəbi isə atası Şahin Qarayevin bir neçə il əvvəl qəza törətməsi olub: “Başımız o qəzaya qarışdı. Daha sonra Şahin elə o qəzaya görə tutuldu. Ona görə də Aytacın sənədlərini düzəltməyə vaxtımız olmadı. Sapsağlam uşaqdır. Sağlamlıq kağızımız da var. O vaxtlarda bütün ailə darmadağın olmuşdu. İndi başımız açılıb, uşağımızı məktəbə yazdırmışıq. O da ki belə… Təhsil naziri Mikayıl Cabbarovdan xahiş edirik ki, övladımızın bu işinə diqqət yetirsin”.
Şirvan şəhər Təhsil Şöbəsinin rəhbəri Rövşən Allahverdiyev BakuPost.az-a açıqlamasında məsələnin araşdırılacağını bildirib: “Sözügedən məsələ ilə bağlı Təhsil Şöbəsinə müraciət edilməyib. Ailə bizə müraciət etsin, məsələni araşdıraq. Qanunla 1-ci sinfə qəbul 2 il gecikə bilər. Əgər uşaq 2 ildən çox gecikibsə, o zaman Təhsil Nazirliyində müvafiq olaraq komissiyanın iclası keçirilir və məsələylə bağlı qərar qəbul edilir.
Aytac Qarayeva 2 ildən çox gecikməyibsə, heç bir problemsiz onun məktəbə getmə, təhsil alma hüququ təmin ediləcək.
Araşdırmadan sonra da məktəbin direktorunun günahı varsa, müvafiq ölçü götürüləcək”.
Təhsil eksperti Əjdər Ağayev BakuPost.az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin elə bir qanunu yoxdur: “İcbari təhsil qanunu var. Bu qanunla hər bir Azərbaycan vətəndaşı təhsilə cəlb olunmaldır. Əgər uşağın hər hansı qüsuru yoxdursa, o zaman normal məktəbə getmək haqqı var. Təhsil Nazirliyində belə bir qanun yoxdur ki, uşağın yaşı 6-nı keçibsə, onu məktəbə qəbul etmək olmaz. Hökumət özü hamının təhsilə, tədrisə cəlb olunmalı olduğunu deyir. Hər yerdə maarifləndirmə işləri aparılır. Hər bir uşaq məktəb təhsilinə cəlb olunmalıdır və təhsil almalıdır. Ən azından orta təhsili almalıdır. Düzdür, 1-ci sinfə qəbul 6 yaşdandır. Lakin hər nə səbəbdən olur olsun, hansısa məktəb təhsilə 2 il gec başlamaq istəyən uşağı qəbul etmirsə, o zaman səhv edir. Belə bir göstəriş yoxdur. O məktəb onu qəbul etməli, oxutmalıdır. Elektron qəbul məsələsi var, ola bilər ki, valideyn buna əməl etməyib. Amma hətta belədirsə, o zaman direktor Təhsil Şöbəsiylə əlaqə saxlamalıdır, məsləhət almalıdır, o uşağı mütləq şəkildə təhsilə cəlb etməlidir”.
Təhsil eksperti qeyd edib ki, direktor uşağın təhsildən yayındırılmasına görə günahkardır: “O uşağı məktəbdən uzaqlaşdırmaq istəyirlərsə, görünür hansısa maraqları var və bu addımı atırlar. Valideyn gedib tələb etməlidir ki, mənim uşağımı məktəbə qəbul edin. Görün nə qədər vaxtdır ki, o direktor uşağı təhsildən yayındırıb. Elə buna görə o direktor cəzalandırılmalıdır. Direktor günahkardır”.