8 Martda pul yığmağa necə son qoyaq? – Rəy

8 Martda pul yığmağa necə son qoyaq? – Rəy

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdə valideynlərdən pul yığımı ilə bağlı rəsmi statistika mövcud olmasa da, bu problemin geniş yayıldığı açıq-aşkar görünür. Valideynlərin sosial şəbəkələrdə paylaşdığı şikayətlər, məktəblərdə direktor və müəllimlər üçün baha qiymətli hədiyyələrin alınması barədə yayılan xəbərlər bu məsələnin nə qədər ciddi olduğunu sübut edir. Əgər Elm və Təhsil Nazirliyi bu halların qarşısını almaqda həqiqətən ciddi olsaydı, konkret tədbirlər görərdi.

Bu sözləri Tribunainfo.az-a təhsil eksperti Kamran Əsədov məktəblərdə 8 Mart bayramı yaxınlaşdıqca valideynlərdən pul yığılması halları və onun qarşısının alınması barədə danışarkən deyib. Ekspert bildirib ki, rəsmi açıqlamalara görə, nazirlik və onun rəhbəri Emin Əmrullayev bu cür halların qarşısının alınması üçün addımlar atır. Lakin reallıq fərqlidir:

“Nazirliyin açıqlamaları yalnız formal xarakter daşıyır. Faktlar var ki, məktəblərdə hələ də pul yığımı davam edir. Bu cür halların qarşısı alınmasa, təhsil sistemində qeyri-rəsmi ödənişlər daha da güclənəcək və korrupsiya dərinləşəcək.
Emin Əmrullayevin təhsil naziri olduğu dövrdə bəzi struktur islahatlar həyata keçirilsə də, məktəblərdə pul yığımı ilə bağlı real nəticə əldə edilməyib. Əksinə, bu proses daha sistematik və gizli formaya keçib. Təhsil Nazirliyi hər il bayramlar ərəfəsində “məktəblərdə pul yığmaq olmaz” deyə açıqlamalar versə də, bu açıqlamaların real nəticəsi olmur.

Məktəblərdə valideynlərdən pul yığımı hallarının qarşısını almaq üçün ciddi nəzarət mexanizmləri yaradılmalıdır. Müəllimlər üçün hədiyyə və bayramlarla bağlı ödənişlər qadağan olunmalıdır. Məktəb rəhbərləri və müəllimlər bu prosesdə iştirak edirsə, onların məsuliyyətə cəlb olunması üçün konkret qanuni tədbirlər görülməlidir. Valideynlər üçün isə xüsusi şikayət platformaları yaradılmalı və anonim şəkildə şikayət vermək imkanı təmin edilməlidir.

Bu məsələdə əsas problem dövlətin nəzarət mexanizminin zəif olmasıdır. Əgər Elm və Təhsil Nazirliyi real olaraq məktəblərdə pul yığılmasının qarşısını almaq istəyirsə, sadəcə bəyanatlar verməklə kifayətlənməməlidir. Konkret yoxlama mexanizmləri, ictimai monitorinq və valideyn şikayətlərinin hüquqi həlli təmin edilməlidir. Əks halda, Emin Əmrullayevin təhsil sistemində ciddi dəyişikliklər etdiyini iddia etmək mümkün olmayacaq”.

Nigar İxtiyarqızı