Məlum olduğu kimi, bu gün rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. TİA.AZ xəbər verir ki, bu kəndlərin bir çoxu strateji əhəmiyyətə malikdir.
ADR Hərəkatının lideri Qubad İbadoğlu yeni uğurların Azərbaycan Ordusu üçün böyük nəticələr gətirəcəyini deyir. O bildirir ki, 8 kəndin işğaldan azad edilməsi o deməkdir ki, strateji əhəmiyyətli Ərgünəş daği və Məlikcan yüksəkliyinə xilaskar ordumuz nəzarət edir.
“Belə olan halda da müzəffər ordumuz Füzuli şəhərinə və Horadiz qəsəbəsinə (şəhərinə yox, yeni azad olunan kəndə) doğru sürətlə irəliləyə, həmin marşrutlar üzrə kəndləri də qısa müddətdə azad edə biləcək. Qarakollu ilə kənd Horadiz arasında qalan Rəfədinli kəndləri, Aşağı Güzlək, Böyük Pirəhmədli, Mandı və Musabəyli kəndləri hələ də işğaldadır”.
ADR lideri vurğulayır ki, bundan başqa da Xocavəndin kəndlərinin işğaldan azad edilməsi bizə Qubadlı rayonunu yüksəklikdə yerləşən Başarat, Milanlı və digər kəndlərinə doğru irəliləməyə imkan verəcək. “Ordan da Qubadlının Muradxanlı, Xanlıq kəndlərini və rayon mərkəzini, ən başlıcası da Laçın Gorus magistral yolunu nəzarətə götürməyə imkan verir. Yolun açıq və aydın olsun, Azərbaycan əsgəri!”