“8 aydır ki, Aqşinin corablarını cibimdə gəzdirirəm” – Ermənistanda əsir kimi saxlanılan Hüseynin anası

“8 aydır ki, Aqşinin corablarını cibimdə gəzdirirəm” – Ermənistanda əsir kimi saxlanılan Hüseynin anası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hələ ki, Aqşinin şad xəbərini eşitmişəm. Balama qovuşanda, onu hiss edəndə yaşadıqlarımı sizinlə bölüşəcəm. Deyirlər ki, bu gün gələcəklər. Şükürlər olsun ki, cənab prezidentimiz bizə sürpriz etdi. 8 aydır ölmüş, tükənmiş anaları o diriltdi. Ona minnətdarlığımızı bildiririk. Əsir Hüseynin anası mənə zəng edib xoş xəbəri dedi. Ondan bir neçə gün əvvəl Şəlalə xanım fəryad edə-edə mənə zəng edib dedi ki, Hüseynə ömürlük iş verilib. Onsuz da dərdimiz böyük idi. Həmin gün isə daha da yıxıldıq, öldük. Dövlətimiz onların qoyun sürüsünü özlərinə qaytarıb, övladlarımızı əsirlikdən xilas etdi. Şükürlər olsun bu günə”

Bunu Moderator.az-a özəl açıqlamasında əsir düşən Aqşin Bəbirovun anası Dürdanə Bəbirova bildirib. O daha sonra əlavə edib.

“Bizim övladlarımız erməninin xarabasında qalmağa layiq oğullar deyil. Mərd, qürurludurlar. Necə ki, Şahbazı, Dilqəmi, Amili dövlətimiz əsirlikdən azad etdi, həmçinin də bizim övladlarımızı. 1992-ci ildə Xocalı hadisələrində nə qədər insanları xilas etmək adı ilə təyyarəyə mindirib əsirliyə gedər-gəlməzə göndərdilər. O illərdə çaxnaşma idi, silah yox idi, dövlətimizdə özbaşnalıq hökm sürürdü. Ortada əlbəttə ki, bir səbəbkar var ki, övladlarımız əsir düşdülər. Hər şeyin gözəlini cənab prezidentimiz bilir. O özü bu işləri nizama salacaq. Uşaqlarımızın ağlı başında idi. Ağlı başında olan hansı şəxs düşmənə əsir düşər?! Günahsız uşaqlarımızın 8 aydır başlarının çəkmədiyi işgəncə, zülm qalmadı. Mən Aqşini 18 yaşa çatdırıb hərbi xidmətə göndərdim, 19 yaşı əsirlikdə tamam oldu. Əsgər getmək üçün gününü sayırdı. Universitetə daxil ola bilmədi, arzuları ürəyində qaldı. Aqşin gedən günündən evdə yemək hazırlamıram. Aqşin əsir düşdüyü gündən 8 aydır ki, corablarını cibimdə gəzdirirəm. Hər gün geyimlərini qoxlayıb yatırdım. Onu kirayələrdə böyütmüşəm. İndi evimiz var. Hələ onun otağının qapısını indi saldıra bilmişəm, balama ikinci əl çarpayı almışam ki, gəlib yatsın. Ümid edirəm ki, mənim yaşadığım əziyyəti balam yaşamayacaq. Ölsək də, qalsaq da balamız üçün şərait yaradacağıq” deyə əsirimizin anası bildirib.