“7 dairənin seçiciləri seçkilərdə iştirak etməyəcək”

“7 dairənin seçiciləri seçkilərdə iştirak etməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçmək üçün seçicilər 5846 məntəqəyə gəlib səsvermə hüquqlarını həyata keçirəcəklər”.

Tribunainfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

“Bu bələdiyyələr 118 seçki dairəsinin hüdudlarını əhatə edir. Amma bildiyiniz kimi 125 dairə var. 7-si müvəqqəti köçkünlərdən ibarət dairələr olduğu üçün o seçicilər seçkilərdə iştirak etməyəcəklər. 685 bələdiyyə azad olunmuş əraziləri əhatə etmir. Orada bələdiyyələr yaradılmayıb. Ümumilikdə hazırda 5 961 987 seçicimiz var”.MSK sədri, həmçinin bələdiyyə seçkiləri ilə bağlı bütün addımların atıldığını qeyd edib: “Sabah keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı MSK bütün addımları atıb. Müxtəlif seçkilərin hazırlanmasına məsul olan orqanlarla birlikdə bu məsələnin öhdəsindən yüksək səviyyədə gəlmişik. Səsvermə üçün bütün addımlar atılıb. Onlar sərbəst məntəqələrə gəlib səs verə bilərlər. Seçki ilə bağlı addımlar atılarkən MSK bu seçkilərin hazırlanıb keçirilməsinə məsul olan orqan kimi fəaliyyətini qurur. Əsas istiqamət şəraitin yaradılması ilə yanaşı namizədlərin qeydə alınması məsələsidir”.

M.Pənahovun sözlərinə görə, 16 238 nəfərin namizədliyi qeydə alınıb: “Bu, çox böyük rəqəmdir, bununla fəxr etməliyik. 16 294 nəfərin isə imza vərəqləri qaytarılıb. Sonrakı proseslərdə bəziləri namizədliyini geri götürüb və yekunda 16 092 nəfər namizəd kimi qeydə alınıb. 24 siyasi partiya seçkidə iştirak edir. Namizədlərdən 8504 nəfəri partiya nümayəndəsidir, 7588 bitərəfdir. Namizədlərdən 82%-i ali təhsillidir. Onlardan 41%-i 21-35 yaş arası, 63%-i isə 21-63 yaş aralığında olan şəxslərdir. Ümumilikdə qeydə alınanların 31%-dən çoxu qadınlardır. Bu, sevindirici haldır”.