“Surrey” kriket klubunun sabiq prezidenti Mayk Soperə 25 il əvvəl prostat xərçəngi diaqnozu qoyulanda, həkimlər ona cəmi altı ay ömrünün qaldığını bildirib. Lakin 80 yaşlı Soper bu proqnozu alt-üst edərək hələ də həyatda qalmağı bacarıb və metastatik prostat xərçəngi ilə ən uzun müddət yaşayan xəstələrdən biri kimi tarixə düşüb.
Qaynarinfo xəbər verir ki, Soper 55 yaşında və təzəcə təqaüdə çıxdığı vaxt evə qayıdarkən döş qəfəsində ağrı hiss edib. Əvvəlcə bu, ürəklə əlaqələndirilib, lakin aparılan testlər PSA dəyərinin 580 ng/mL olduğunu və xərçəngin artıq sümüklərə də yayılmasını ortaya qoyub.
Soper köhnə dostu, Böyük Britaniyanın sabiq baş naziri Con Meycor vasitəsilə ABŞ-dakı MD Anderson Xərçəng Mərkəzindən professor Kris Loqotetislə əlaqə qurub. Həmin dövrdə İngiltərədə standart müalicə hormon terapiyası idi, lakin Loqotetis daha fərqli yanaşma tətbiq edirdi.
ABŞ-da döş xərçəngi üçün istifadə olunan “Taxotere” preparatı Soperə də verilib və nəticədə PSA dəyəri aylar ərzində demək olar ki, sıfıra enib. 2012-ci ilə qədər hər il ABŞ-a gedərək müalicəsini davam etdirib.
2015-ci ildən PSA dəyəri yenidən yüksəlib və 2024-cü ildə 1,237 ng/mL-ə çatıb. Bunun ardınca Soper Londonun “Royal Marsden” xəstəxanasında adı hələ müəyyənləşməmiş yeni bir preparatın klinik sınaqlarına qoşulub. 29 həftəlik müalicədən sonra PSA dəyəri 23 ng/mL-ə qədər düşüb.
Soper uzun illərin təcrübəsi ilə xəstəliyin vaxtında aşkarlanmasının həyati əhəmiyyət daşıdığını vurğulayır. O, 45 yaşdan etibarən prostat xərçəngi üçün milli skrininq proqramının məcburi olmasını tələb edir:
“Xərçəng illərlə gizli qala bilər. Mənə diaqnoz qoyulanda artıq altı ildir bədəndə var idi. Əlamətləri yalnız sümük zədələnməsindən sonra üzə çıxdı. Müntəzəm yoxlanış həm həyatları xilas edər, həm də səhiyyə sisteminə milyardlarla qənaət qazandırar”.
Soper bu gün də gələcəyə nikbin baxır: “Ölməyə hazır olduğumu düşünmürəm. Qarşıda hələ görəcəyim çox iş var. Bizim təcrübəmiz gələcəkdə digər kişilərin daha yaxşı müalicə almasına imkan yaradacaq”.