“5A Construction” MMC ölkədən pul çıxarıb? – Məhkəməbackend

“5A Construction” MMC ölkədən pul çıxarıb? – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“5A Construction” MMC külli miqdarda cərimələnə bilər.

Tribunainfo.az xəbər verir ki, “5A Constructions” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“5A Constructions”la bağlı iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 30 oktyabr tarixində hakim Xalidə Əlisoyun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:
“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.
Qeyd edək ki, külli miqdarda cərimələnməsi gözlənilən “5A Construction” 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Elşən Qərib oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən İbrahim