59 nəfəri öldürüb, 527 nəfəri yaralyan “tənha canavar” – Niyə, nə üçün? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində ölkə tarixinin ən qanlı gülləbaranını törədərək 59 nəfəri öldürən, 527 nəfəri yaralayan 64 yaşlı Stiven Peddok İŞİD mənsubu olmayıb.
 

ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində ölkə tarixinin ən qanlı gülləbaranını törədərək 59 nəfəri öldürən, 527 nəfəri yaralayan 64 yaşlı Stiven Peddok İŞİD mənsubu olmayıb. Terror təşkilatının “Peddok aksiyadan bir neçə ay əvvəl İslamı qəbul edərək müsəlman olmuşdu” bəyanatı da yalandır.

Milli.Az CNN-ə istinadən bildirir ki, bunu Las-Veqasın şerifi Cozef Lombardo deyib.

“Hesab edirik ki, o, qanlı aksiyanı təkbaşına törədib. Peddok “tənha canavar” olub. Cinayətin motivlərini müəyyənləşdirməyə çalışırıq”, – Lombardo söyləyib.

Ötən bazar günü Las-Veqasda keçirilən “Rout 91” kantri musiqisi festivalı faciəyə çevrilib. 64 yaşlı Stiven Peddok “Mandalay Bay” otelinin 32-ci mərtəbəsindəki nömrənin pəncərəsindən insanlara atəş açıb. Gülləbaranda 59 nəfər həlak olub, 527 nəfər yaralanıb.

S.Peddok meydandakı insanları gülləbaran etmək üçün 2 ştativli yarımavtomat tüfəngdən istifadə edib. Otelin nömrəsində minlərlə patron vardı və məhz bu səbəbdən S.Peddok 72 dəqiqə sərasər atəş aça bilib.

SWAT dəstəsi otelin nömrəsinin qapısını sındırıb içəri girəndə S.Peddok özünü vuraraq intihar edib.

Las-Veqasın meri Karolin Qudman 64 yaşlı S.Peddoku “nifrətdə boğulan sərsəm” adlandırıb.

Mühasib və auditor işləmiş Stiven Peddok əvvəllər Nevada ştatındakı Rino şəhərində yaşayıb, ötən il Meskvit şəhərinə köçüb

Onun ruhi xəstə olması barədə iddialar da əsassızdır, çünki S.Peddok yüngül mühərrikli təyyarəni idarə etməyə imkan verən pilot lisenziyasına malikdi.

Milyonçu S.Peddokun iki təyyarəsi vardı.

S.Peddok sentyabrın 28-də yaşamağa başladığı “Mandalay Bay” otelində tək deyildi. Onun yanında əslən indoneziyalı olan Avstraliya vətəndaşı, 62 yaşlı Meril Denli vardı.

M.Denlinin cinayətdə əli olmadığı təsdiqlənib. Qadın hazırda Yaponiyanın paytaxtı Tokiodadır.

Las-Veqasdakı faciə ABŞ-da yeni siyasi diskussiyaya səbəb olub. Demokratiya Partiyasından olan senator Kris Mörfinin fikrincə, 59 nəfərin həlak olması, 527 nəfərin də yaralaqması ölkədə odlu silah dövriyyəsinə nəzarətin gücləndirlməsi üçün yetərli səbəbdir: “Belə faciələr artıq ölkədə epidemiyaya çevrilməkdədir”.

Amerikalıların odlu silah almaq, saxlamaq və gəzdirmək hüququnu ənənəvi olaraq dəstəkləyən respublikaçılarla yanaşı, demokratlar belə, Mörfiyə qarşı çıxıblar.

 S.Peddokun Meskvit şəhərindəki evində isə 18 odlu silah, partlayıcı maddələr və minlərlə patron aşkarlanıb. 308 və 223 çaplı bu patronlardan adətən AR-10 və AR-15 avtomatik tüfənglər üçün istifadə olunur.

Peddokun Nevada ştatının şimalındakı digər evində isə 24 odlu silah vardı.

Silahların əksəriyyəti Kaliforniya ştatında satın alınıb.

Stiven Peddokun qardaşı Erik açıqlama verib. Onun dediyinə görə, qardaşı manyak olmayıb, dini və siyasi baxımdan da hansısa təriqəti, təşkilatı dəstəkləməyib.

“Qardaşım, sadəcə, odlu silahları və qumarı, daha doğrusu, pokeri sevirdi”, – Erik Peddok deyib.

Milyonçu Stiven Peddokun atası Bencamin Peddokun dəfələrlə bank qarət etmiş psixopat cinayətkar olduğu aşkarlanıb. O, ABŞ-ın Federal Təhqiqat Bürosunun “ən çox axtarılanlar” siyahısında olub.

Daşınmaz əmlak biznesində milyonlarla dollar qazanmış Stiven Peddok nə üçün, niyə qanlı manyaka çevrildi?

O, nə üçün “Harvey 91 Harvest” musiqi festivalını qana bulamaq üçün otelə 23 tüfəng, habelə partlayıcı maddələr apardı? Həmin maddələr Peddokun avtomobilinin yük yerində aşkarlanıb. Maşın otelin dayancağında saxlanmışdı.

Yerli polis də Stiven Peddoku normal insan kimi səciyyələndirib: “O, 1980-ci illərin sonlarında 3 il “Lockheed Martin” korporasiyasının daxili audit xidmətində çalışıb, sonra Texas və Kaliforniya ştatlarında daşınmaz əmlak məsələləri ilə məşğul olub.  O, sakit, qanunlara riayət edən insan idi. Hətta yol hərəkəti qaydalarını pozmaqla bağlı belə, saxlanmayıb”.

Qaydaları pozmayan milyonçu isə Las-Veqasda gülləbaranı gerçəkləşdirmək üçün otelin nömrəsinə 10 çemodanla silah və patron daşımışdı.

Otel nömrəsini Peddok sevgilisi M.Danlinin adına qeydiyyata aldırmışdı. Silah və patronları isə 3 gün ərzində, fasilələrlə daşımışdı.

Adi, qanunları pozmayan, pokeri və burritonu sevən milyonçu təqaüdçü 22 min insanın yığışdığı bayramı atəşə tutdu. Tam 72 dəqiqə sərasər atəş açdı. Dayanmadan, rəhm etmədən…