“İl ərzində Ə. F. Qarayev adına Klinik Uşaq xəstəxanasına müayinə üçün 50 atılmış uşaq gətirilib”. “İl ərzində Ə. F. Qarayev adına Klinik Uşaq xəstəxanasına müayinə üçün 50 atılmış uşaq gətirilib”.
TİA.AZ xəbər verir ki, bunu Ə. F. Qarayev adına Klinik Uşaq xəstəxanasının baş həkimi Azər Xuduyev söyləyib.
O, bildirib ki, yeni doğulan uşaqlardan imtina edildikdə, onlar xəstəxanaların həyətinə atılır. “Bu cür faktlar var və bunu inkar etmək olmaz. Əvvəllər bu uşaqlar xəstəxanada yoxlandıqdan sonra dövlət uşaq müəssisələrinə aparılırdı. İndi isə atılmış uşaqlar, dövlət uşaq müəssisələrinə təhvil verildikdən sonra, həmin uşaqlar müayinə üçün bizim xəstəxanaya gətirilir. Həmin uşaqlar əksər hallarda sətəlcəmlə bizə daxil olur. Eyni zamanda onlar dəri zöhrəvi və digər müayinələrdən keçirilir. Atılmış uşaqların müayinəsi və sağlamlaşdırılması üçün bizim xəstəxanada ayrıca otaqlar var”.
A.Xuduyev bildirib ki, bu ilin 9 ayı ərzində Ə. F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına 26 min xəstə müraciət edib ki, onlardan 7998-i stasionar müalicəyə qəbul olunub.
“Ötən ilin müvafiq dövründə 30 min xəstə müraciət edib və onlardan 10 mini stasionar müalicəyə qəbul edilib. müraciətlər xəstəxananın profilinə uyğun olaraq somativ və infeksion profilli olur. Somatik profilli xəstəliklərə tənəffüs yolları, ağciyər, pnevmoniya, kəskin bronxit, kəskin respirator xəstəliklər daxildir. İnfeksion profilə isə daha çox mədə-bağırsaq, bağırsaq infeksiyası ilə bağlı xəstəliklər aid edilir. Xəstəxanaya belə müraciətlər daha çoxdur”.
A. Xudiyev ötən illə müqayisədə ölüm hallarının statistikasında dəyişiklik olmadığını vurğulayıb. İl ərzində xəstəxanaya qəbul edilən xəstələrin 3-4 faizində ölüm hallarının baş verdiyini bildirən baş həkimin sözlərinə görə, ölüm halları daha çox kiçik yaşlı (3-4 arası) uşaqlarda müşahidə olunur. O əlavə edib ki, botulizmdən zəhərlənmə ilə bağlı bu ilin 9 ayı ərzində xəstəxanaya 9 uşaq daxil olub. Bu xəstəliklərdən ölüm hallarına çox rast gəlinsə də, həmin uşaqların hamısı sağalıb.