“5+” avtosalonun sahibinə hökm oxundu: “Range Rover”, “Porsche Panamera” dələduzluğu…

“5+” avtosalonun sahibinə hökm oxundu: “Range Rover”, “Porsche Panamera” dələduzluğu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda bir sıra iş adamlarına qarşı dələduzluq etməkdə təqsirləndirilən “5+” avtosalonun sahibinə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, avtosalonun sahibi, 1974-cü ildə Şəki şəhərində anadan olmuş Bəxtiyar Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib və işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Bəxtiyar Vəliyev özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə Cəfər (ad şərti) adlı şəxsin mülkiyyətində olan 2006-cı il buraxılışlı “Mercedes Benz S Class 350” markalı avtomobili real dəyərindən ucuz qiymətə alaraq, Ceyhuna (ad şərti) satılmasını təmin edəcəyini vəd edib və 2021-ci ilin sentyabr ayında ondan 6.000 dollar (10.200 AZN) alıb.
Bundan başqa, o, şirkət mülkiyyətində olan 2009-cu il buraxılışlı “Range Rover” markalı avtomobili real dəyərindən ucuz qiymətə tanışı Ceyhuna satılmasını təmin edəcəyini vəd edib və 2021-ci ilin oktyabr ayında yenidən ondan 10.000 dollar (17.000 AZN) alıb.
Daha sonra Bəxtiyar Vəliyev Nemət adlı iş adamına 2010-cu il buraxılışlı “BMW 535” markalı və 2012-ci il buraxılışlı “Porsche Panamera” markalı avtomobilləri dəyərindən ucuz qiymətə alacağına söz verərək, ondan 44.000 dolları (74.800 AZN) etibardan sui-istifadə etməklə ələ keçirib.
Həmin il pandemiya dövrünə təsadüf etdiyinə görə Bəxtiyar Vəliyev heç bir qazanc əldə edə bilmədiyini və zərərçəkmişlərdən aldığı pulları batırdığını bildirib. Həmçinin qeyd edib ki, məhkəməyə qədər zərərçəkmişlərə dəymiş ziyanın xeyli hissəsini qaytarıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Vəliyev sözügedən cinayət əməllərini törətməkdə təqsirli bilinib və ona 5 il 6 ay müddətə şərti azadlıqdan məhrum etmə cəzası təyin edilib.