“Azərbaycanda gələn il üçün də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur. Hazırki şərtlər daxilində, xüsusilə son 2 ildə kəskin şəkildə qiymət artımı baş verdikdən sonra bu məbləğ çox azdır. Həssas sosial qruplar aspektindən bu göstərici daha sərtdir. Ölkədə əhalinin əhəmiyyətli bir qismi minimum əməkhaqqı ilə çalışır. Bu şəxslərin sayı təxminən 400-500 mindir. Bu, böyük göstəricidir”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, 2022-ci ildə də əməkhaqqı miqdarı eyni qalacaqdı. Amma yanvar ayında hökumət reallığı gördü və daha adekvat addımlar atdı, minimum əməkhaqqı səviyyəsi artırıldı:
“Hesab edirəm ki, 2024-cü il üçün minimum aylıq əməkhaqqı miqdarı eyni qalmayacaq. Bu prosesdə hökumətin əsas funksiyalarından biri tarazlığın tapılması və əhalinin azgəlirli sosial qruplarının müdafiə olunmasıdır. Bu baxımdan düşünürəm ki, növbəti bir neçə ay ərzində daha rasional qərarın qəbul edilməsini müşahidə etmiş olacağıq”.