“Düzgün analiz çox yaxşı şeydir. Bizim millidə uzun illərdir ki, əcnəbi məşqçilər çalışır. Bu, analizin bir növüdür. Yəni məlum oldu ki, xarici məşqçilərin işi bizdə alınmır”. Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Canni De Byazinin Azərbaycan millisindən ayrılmasından sonra onu kimin əvəzləyəcəyi maraq doğurur. A.Mircavadov əcnəbi məşqçilərin Azərbaycan millisində işləyə bilmədiyini və artıq yerli mütəxəssisə şans verilməli olduğunu bildirib: “Mən neçə vaxtdır özümə sual verirəm ki, niyə bizdə yerli məşqçilərə şans vermirlər. Cavabını tapa bilmirəm. Mən ilk gündən yerli məşqçinin tərəfdarıyam. Çünki yerli məşqçi mentaliteti, Azərbaycan futbolunu bilir, hər oyunçunu tanıyır və ona qayğı ilə yanaşır.
Xarici məşqçi nə edir? Bizdə isə yerli və əcnəbi məşqçi arasında böyük fərq qoyulur. Bu, lap çoxdan belədir. Yerliyə vaxt verilmir. Üstəlik də tələb olunur ki, filan turniri udmalısan. Maliyyə məsələsində də yerlə göy qədər fərq var. Belə çıxır ki, gözümüzü yubub xarici məşqçi gətiririk. Axı perspektivli məşqçilərimiz var. Artıq son illər ərzində orta və yaşlı nəsili siliblər. İndi cavan məşqçilərimiz çalışır. Onlar Premyer Liqada bir-biriləri ilə mübarizə aparırlar. Klublarımız da gənc məşqçilərə üstünlük verirlər. Hamısı da yaxşı işləyir”.
Bəs yığmamızın sabiq baş məşqçisi “Millidə niyə yerli məşqçiyə şans verilmir” sualını çalışdığı AFFA rəhbərliyinə veribmi? A.Mircavadov bununla bağlı deyib: “Əslində bu sualın cavabını bilirəm, amma açıqlamaq istəmirəm. Görün mən neçə ildir işləmirəm, kimdən soruşum? Çox vaxt mənə deyirlər ki, niyə işləmirsən? Mən də cavab verirəm ki, bunu məndən niyə soruşursan? Salamatam, ağlım da başımdadır”.
76 yaşlı mütəxəssis qeyd edib ki, Azərbaycan millisində birmənalı olaraq yerli məşqçi çalışmalıdır. O, millidə işləməyə layiq olan namizədlərinin olduğunu, ancaq ad açıqlamaq istəmədiyini əlavə edib: “Bəzi adamlar deyir ki, millimizin baş məşqçisinin yerli, ya da əcnəbi olmağı fərq eləməz. Ancaq elə deyil. Baş məşqçi yerli olmalıdır. Bizim futbol fərqlidir. Biz topla işləyirik. Bizim futbol mentaliteti elədir ki, topla oynayırıq, topsuz alınmır. Bu, Avropanın hansı ölkəsinə yaxındır? Portuqaliya, İspaniya. Demirəm ki, gedək ordan məşqçi gətirək. Deyirəm ki, məşqçi gətirəndə də buna fikir vermək lazımdır.
Bir neçə cavan məşqçimiz millidə işləyə bilər. Çoxu mənim tələbəmdir. İstəmirəm ad çəkim. Amma deyirəm ki, yerli məşqçi olacaqsa, ona inanmaq, arxasında durmaq, şərait yaratmaq lazımdır. Mən az qala 30 ildir deyirəm ki, millini yerli mütəxəssis çalışdırmalıdır”.